Professor: “COP29 zamanı ölkəmizə gələnlərə keyfiyyətli tibbi xidmət göstəriləcək”

COP29 22 avqust 2024, 19:19
Azərbaycanda COP29-un keçiriləcəyi dövrdə tibbi xidmətlərin təşkili üçün hazırlıq işlərinə başlanılıb. TƏBİB-dən verilən məlumatda bildirilib ki, COP29-la əlaqədar ixtisaslı tibbi xidmətin göstərilməsi üçün ayrılan tibb müəssisələri arasında Yeni Klinika da yer alır. 

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada aparılan hazırlıq prosesi ilə tanış olublar. 

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xüsusi monitor və oksigen panelləri ilə təmin olunmuş 10 çarpayı, Uşaq təcili tibbi yardım şöbəsində 3, Stasionar şöbədə 10, Reanimasiya şöbəsində 4, Uşaq reanimasiya və intensiv terapiya şöbəsində 3 çarpayı və 1 əməliyyatxana tibbi xidmətə zərurət ehtimalını nəzərə alaraq tədbir üçün ayrılıb.

Professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında deyib ki, COP29 dövründə ölkəmizə gələnlərə keyfiyyətli tibbi xidmət göstərmək üçün bütün imkanlar var:

“COP29 beynəlxalq əhəmiyyətli böyük tədbirdir. Ölkəmiz xeyli sayda qonağı qarşılamağa hazırlaşır. Paytaxtda insan sıxlığı olacaq. Müxtəlif hadisələrin baş verməsi qaçılmaz ola bilər, terror cəhdləri də ola bilər, kütləvi qəzalar da. Belə situasiyalarda həmişə ehtiyat hazırlıq işləri görülməlidir. 

Fövqəladə hallar sistemində, səhiyyə sistemində, eləcə də digər aiddiyyəti məsələlərlə bağlı tədbirlər gücləndirilməlidir. Belə hallarda ehtiyac olduğu təqdirdə xəstələrə dərhal tibbi yardım göstərilməlidir, həm həkimə qədər, həm də tibb müəssisəsində göstəriləcək yardımın səviyyəsi yüksək olmalıdır. Bunun üçün də öncədən müəyyən tədbirlərin görülməsinə ehtiyac var. COP29-da iştirak etmək üçün Azərbaycana bir sıra qabaqcıl dünya ölkələrindən nümayəndələr, qonaqlar gələcək, onlar Qərb təbabətinə öyrəşmiş insanlardır, yüksək tibbi xidmətlərdən yararlanırlar ölkələrində. 

Düşünürəm ki, bizdə də səhiyyə sisteminin inkişafı üçün xeyli işlər görülüb, müasir sistemlərdən istifadə olunur, kifayət qədər savadlı kadrlarımız var. 

Hesab edirəm ki, Azərbaycan səhiyyəsi qonaqlara lazım olduğu təqdirdə keyfiyyətli tibbi xidmət göstərməyə müvəffəq olacaq”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top