“Əli Əsədov NK-nı daha effektiv və çevik bir quruma çevirmək imkanındadır”

SİYASƏT 10 oktyabr 2019, 09:32

Pərviz Heydərov: “Nazirlər Kabineti çox şişmiş struktura malikdir” 

 

Azərbaycanda baş nazirin dəyişməsi, yeni təyin olunan Əli Əsədovun Nazirlər Kabinetinin işində həyata keçirəcəyi dəyişikliklər ciddi müzakirə mövzusudur.

 

Qeyd edək ki, xarici siyasət məsələləri üzrə ixtisaslaşmış Novruz Məmmədovun hökumət kabinetinə rəhbər gətirilməsi cəmiyyətdə nə qədər böyük təəccübə səbəb olmuşdusa, iqtisadçı, uzun illər ölkənin iqtisadi siyasətinin formalaşmasında yaxından iştirak etmiş Əli Əsədovun baş nazir təyin olunması bir o qədər təbii qarşılandı. Əksər müşahidəçilər baş nazirin məhz iqtisadçı, ən əsası isə Azərbaycan iqtisadiyyatını yaxından tanıyan, ayrı-ayrı sahələr üzrə potensiala bələd olan biri olmağının gərəkdiyini bildirirlər.

 

Bəs tanınmış iqtisadçılar necə, yeni baş nazirdən nə gözləyirlər? Ə.Əsədov nələri dəyişməli, hansı sahələrə diqqət yetirməlidir? “Yeni Müsavat”ın bu suallarını cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, Nazirlər Kabineti icra hakimiyyəti strukturudur: «Bu qurum, bir növ təsərrüfat fəaliyyəti həyata keçirir. Nazirlər Kabinetinə sırf iqtisadi məsələlərlə məşğul olan, təsərrüfat işindən, istehsaldan və ticarətdən başı çıxan adam rəhbərlik etməlidir. Obrazlı şəkildə desəm, Nazirlər Kabineti hökumətin ürəyi rolunda çıxış edirsə, Prezident və ya dövlət başçısı düşünən beyindir, onun şüur obyektidir. Ümumiyyətlə, bizdə Nazirlər Kabineti dövlət başçısı, yəni Prezident tərəfindən onun icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə yaradılan, öz fəaliyyətində birbaşa Prezidentə tabe və onun qarşısında cavabdeh olan, iş qaydası Prezident tərəfindən müəyyənləşən yuxarı icra orqanıdır. Qurumun tərkibinə 40-dan çox struktur daxildir. Bunları əlaqələndirmək, koordinasiya etmək asan məsələ deyil. Belə bir quruma peşəkar bir kadrın rəhbərlik etməsi daha məqsədəuyğundur. Yəni Nazirlər Kabineti siyasətlə məşğul olmadığı üçün ona siyasətçinin rəhbərlik etməsi nəticəsində, rəhbər şəxsin şəxsi keyfiyyətlərindən asılı olmayaraq, ciddi effektə nail olmaq mümkün deyil”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 iyul 2025, 19:02
Top