Türkiyə-Azərbaycan Universitetində tibb fakültəsi də açılacaq

GÜNDƏM 06 avqust 2024, 19:50
Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulu elan edir. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, Türkiyə-Azərbaycan Universiteti 2024-2025-ci tədris ili üçün kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tələbə qəbulu elan edir. Abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak edərək qeyd olunan ixtisasları seçə bilərlər. Tədris ingilis dilində və Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetində həyata keçirilən təhsil proqramlarına uyğun aparılacaq. Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.

Təhsil eksperti Elçin Süleymanov Türkiyə-Azərbaycan Univetsitetinin fəaliyyətə başlamasının Qarabağ Universitetindən sonra ölkənin təhsil həyatında ikinci mühüm hadisə olduğunu qeyd edib:

“Türkiyə-Azərbaycan Universiteti indiyə qədər Azərbaycanda tətbiq olunan ikili diplom proqramlarından fərqlənir. İkili diplom proqramları müştərəkdir, tələbələr burada həm təhsil alır, həm də həmin ölkəyə gedir və proqrama uyğun ikili diplom alır. Amma Türkiyə-Azərbaycan Universitetində tədris olunan qabaqcıl ixtisaslar Türkiyə universitetlərinin müəllim-professor heyəti tərəfindən keçiləcək. Bu universitetlər Türkiyədə, eləcə də dünyada kifayət qədər tanınmış universitetlərdir. Orta Doğu Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetlərində kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üçün geniş maddi-texniki baza yaradılıb. Bu ixtisaslar gələcəyin ixtisaslarıdır, əmək bazarında bu ixtisasları bilən kadrlara tələbat hər gün artır. Düşünürəm ki, bu ixtisasları seçən abituriyentlər uğurlu karyera qura bilərlər. Fikrimcə, Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlaması Azərbaycan təhsilində rəqabəti artıracaq, ali təhsil pilləsinin inkişafına təkan verəcək. Bu universitetdə gələcəkdə tibb fakültəsinin açılması da planlaşdırılır. Tibb sahəsində Türkiyənin uğurlu təcrübəsi var. Turizm, biznesin idarə edilməsi üzrə də Türkiyə təcrübəsindən faydalanmaq müsbət nəticələr verə bilər”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top