"Kiçik və orta biznes subyektləri “yaşıl enerji”yə keçiddə mühüm rol oynayır" — Pərviz Heydərov

GÜNDƏM 09 sentyabr 2024, 19:27
Xəbər verdiyimiz kimi, bu gün Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, dünyadakı iqlim dəyişikliyi, azalan təbii ehtiyatlar və artan tələbat "yaşıl iqtisadiyyat”ın inkişafını diktə edir. Onun sözlərinə görə bu da öz növbəsində, hər bir ölkənin dayanıqlı inkişafı üçün vacib faktora çevrilib: “Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin müəyyən etdiyi Milli Prioritetlərdən biri “Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi"dir. Bununla bağlı olaraq həyata keçirilən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində müvafiq tədbirlərin icrası davam etdirilir”. Nazir ətraf mühiti qorumaq prinsipi əsasında iqtisadi tərəqqi və sosial rifahın yüksəldilməsi işində özəl sektorun, xüsusilə kiçik və orta biznesin böyük rolunun olduğunu vurğulayıb.  

İqtisadçı Pərviz Heydərov Demokrat.az-a açıqlamasında söyləyib ki, “yaşıl iqtisadiyyat”a keçid bu gün dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri üçün prioritet məsələdir.

Ekspert qeyd edib ki, Azərbaycan üçün də iqtisadiyyatın yaşıllaşdırılması, alternativ enerjiyə keçid imkanlarının genişləndirilməsi başlıca vəzifədir və ölkədə bunun üçün resurslar var:

“Kiçik və orta biznes ölkələrin iqtisadiyyatında mühüm çəkiyə və rola malikdir. Azərbaycanın sosial-iqtisadi inkişafında onların əhəmiyyəti artmaqdadır. Bu subyektlərin “yaşıl enerji”yə keçiddə mühüm rol oynaması labüd xarakter daşıyır. Onların fəaliyyətində ekologiyaya ziyan vurmayan, iqlim şəraitin üçün texnologiyanın tətbiqinin genişləndirilməsi, onların alternativ enerji mənbələrindən istifadəyə maraq göstərməsi bu sahə üçün prioritet seçilərsə, ümumilikdə ölkədə “yaşıl iqtisadiyyat”a keçid sürətlənər. KOB subyektləri daha çox tikinti, yük daşımalarında, energetika, kənd təsərrüfat sahələrindədir. Bu sahələrdə ekologiyaya zərər verməyən, iqlim şəraiti ilə uyğunlaşan texnologiyaların tətbiqi ölkədə alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsinə töhfə verə bilər”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 sentyabr 2024, 09:25
17 sentyabr 2024, 08:41
Top