Təkcə bir hərbi hissədə 4 milyon pul mənimsənilib — MƏHKƏMƏ

GÜNDƏM 19 iyul 2024, 17:43

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə Cəlal Kazımovun vəkili Əli Adıgözəlov çıxış edib. O, Cəlal Kazımovun şahidlərlə ibtidai istintaq zamanı üzləşmə sənədlərinin elan olunmasını istəyib.

Vəkil bildirib ki, həmin şahidlər məhkəmədə ifadə veriblər, amma üzləşmə zamanı fərqli məbləğlər barədə danışıblar.

Vəkil həmçinin qeyd edib ki, istintaq zamanı hesablanan məbləğlərlə müvəkkili Cəlal Kazımovun hesabladığı məbləğlər arasında ziddiyyətlər var.

Vəkil həmin şahidlərin üzləşdirilməsi sənədlərinin elan olunmasını, üzləşmə sənədlərinin sübut kimi qəbul edilməsini istəyib: "İstintaqa təqdim olunan sənədlərlərlə məhkəmədə təqdim olunan sənədlər arasında ciddi rəqəm fərqləri var. Məhkəmədə verilən ifadələrdə qarışıqlıq var, üst-üstə düşmür və ittiham aktında sübut kimi götürülmür. Həmin şəxslərin yenidən ifadə verməsini və sənədlərə təkrar baxılmasını istəyirəm".
Hakim Fikrət Əliyev bildirib ki, həmin şahidlər məhkəmədə dindirilib, ziddiyyətlər araşdırılıb və onlar sorğu-sual ediliblər.

Hakim vəkilə protokolla tanış olmağı, narazı qaldıqları məqamlarla bağlı qeydlər aparmasını deyib. Hakim sənədlərin tədqiqi yekunlaşdıqdan sonra bu məsələni müzakirə etməyi təklif edib. Hakim vəsatətləri sənədlərin tədqiqi mərhələsi başa çatdıqdan sonra baxılmasının mümkün olduğunu deyib.

Daha sonra cinayət işində olan sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Sənədlərdən birində yazılır ki, Bakı şəhərində yerləşən N saylı hərbi-hissədə 4 milyon manatdan çox dövlət vəsaiti təyinatı üzrə xərclənməyib. Həmin vəsait maliyyə xidmət rəhbərlərinin əli ilə mənimsənilib.
Bundan əlavə digər hərbi-hissələrdə vəzifə və xüsusi rütbələr üçün ayrılan pullar da tamah niyyəti ilə mənimsənilib.

Hərbi qulluqçulara ayrılan vəsaitlərin mənimsənilməsi və digər bir neçə sənədə də baxış keçirilib.
Daha sonra Nizami Məmmədovun vəkili bildirib ki, müvəkkilinin xəstəliyi ilə bağlı bəzi sənədlər iş materiallarında var, həmin sənədlər elan olunub. Vəkil deyib ki, bəzi sənədlər var ki, onlar cinayət işinin sənədlərində yoxdur. Rəşad Mirmehdizadə həmin sənədlərin işə əlavə olunmasını istəyib.
Hakim sənədlərin tədqiqi başa çatdıqdan sonra həmin sənədlərin verilməsini təklif edib və deyib ki, əlavə sənəd kimi işə əlavə olunacaq.

Növbəti proses avqustun 16-da davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 sentyabr 2024, 23:31
Top