“Dünyaya bəyan etmək istəyirlər ki, baxın, Azərbaycanın niyyəti sülh deyil...” — Silah sazişlərinin PƏRDƏARXASI

GÜNDƏM 19 iyul 2024, 16:03
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Makronun Ermənistanın hərbiləşdirilməsinə bəraət verən fikirləri sülh prosesinə mane olmaqdır. Onun sözlərinə görə Fransanın sülhə xidmət etməyən və regionda sabitliyi pozan səyləri heç bir nəticə verməyəcək: “Təəssüf ki, Fransa Prezidenti Emmanuel Makronun Avropa Siyasi İcmasının Zirvə toplantısında Ermənistanın hərbiləşdirmə siyasətinə haqq qazandıran və Azərbaycana qarşı açıq qərəzli mövqe nümayiş etdirən fikirləri Fransanın regionda gərginlik yaratmaq və sülh prosesinə mane olmaq cəhdlərinin daha bir bariz nümunəsidir”.

Məsələyə münasibət bildirən politoloq Tural Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, Fransanın ən ali məqsədi Azərbaycan və onun tərəfdaşlıq etdiyi ölkələrin regiondakı gücünü azaltmaq və təsir imkanlarını minimuma endirməkdir:

“Fransa artıq bunu gizlətmir, açıq büruzə verir. Fransanın son dörd ildə, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra sülhə dırnaqarası dəstəyi artıq işə yaramır, çünki kartlar açıqdır. Fransa 28 illik işğal dövründə öz maraqlarını gizlədə bilirdi, çünki ATƏT-in Minks Qrupunun üç həmsədrindən biri idi və sülhpərvər dövlət kimi fikirlərini ifadə edirdi. Amma Azərbaycan işğala son qoyub suverenliyini bərpa etdikdən sonra Fransa hər vəchlə çalışır ki, Azərbaycanın bölgədə artan nüfuzunu zədələsin, bunu da Ermənistanı silahlandırmaqla edir”.

Ekspertin sözlərinə görə, Fransa ilə Ermənistan arasında silah ticarəti ilə bağlı imzalanan anlaşmalara Azərbaycan irad bildirməkdə haqlıdır: 

“Makron brifinqdə sualları cavablandırarkən suveren hüquqlardan danışırdı. Qeyd etdi ki, iki suveren dövlət arasında silah ticarəti ilə bağlı imzalanmış müqavilələr qanunidir. Bəli, belədir, amma nəzərə almaq lazımdır ki, hələ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. Fransa Ermənistanı sülhə təhrik etsəydi, belə müqavilələrin bağlanması anlaşılan olardı, Azərbaycan tərəfi buna sərt mövqe bildirməzdi. İndiki halda Azərbaycanın Fransaya qarşı tələbi haqlıdır. Fransanın silahlandırma cəhdləri regionda  destruktiv fəaliyyətə yönəlib.   Gələcəkdə sərhəddə təxribatların sayı arta bilər, bunun nəticəsində itkilərin sayı da çox ola bilər. Bununla bütün dünyaya bəyan etmək istəyəcəklər ki, baxın, Azərbaycanın niyyəti sülh deyil, Azərbaycan Ermənistanın suveren sərhədlərinə hücum edir. Azərbaycanı haqsız yerə ittiham edib əvvəllər olduğu kimi BMT TŞ-nı çağırıb köhnə metodları tətbiq etmək istəyəcəklər”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top