Kreditlər gözlənilməz xərcləri qarşılamaq və maliyyə ehtiyaclarını ödəmək üçün çıxış yolu olsa da, düzgün planlaşdırılmadıqda ailə büdcəsinə ciddi yük yarada bilər. Xüsusilə, aylıq gəlirin böyük hissəsinin kredit ödənişlərinə sərf olunması gündəlik ehtiyacların qarşılanmasını çətinləşdirə və borc riskini artıra bilər.
Kredit götürmək nə vaxt təhlükəli olur?
Aylıq gəlirin nə qədəri kredit ödənişlərinə yönəldikdə ailə maliyyə riskinə düşür?
İqtisadçı Emin Qəribli Demokrat.az-a açıqlamasında söyləyib ki, bu, insanın sosial mövqeyindən, yaşından, əldə etdiyi gəlirdən və digər amillərdən asılıdır:

"Məsələn, şəxsin malik olduğu ixtisas və peşə, eləcə də cəmiyyətdəki mövqeyi onun iş tapmaq imkanlarına təsir göstərir. Bəzi peşə sahibləri üçün iş tapmaq çətin, digərləri üçün isə daha asandır. Kredit götürmək imkanı da bir çox amildən asılıdır.
Ümumi yanaşsaq, beynəlxalq təcrübədə kredit ödənişlərinin gəlirdə payı üçün 50 faiz ətrafında, bəzi hallarda isə 53-55 faizə çatan hədlərdən danışmaq olar. Mənim fikrimcə, bu göstəricinin 30-40 faiz aralığında olması daha məqsədəuyğundur".
İqtisadçı əlavə edib ki, burada şəxsin tək yaşaması və ya ailəsinin olması, eləcə də gəlirinin məbləği nəzərə alınmalıdır:
"Yüksək maaş alan şəxslər üçün bu göstərici daha yüksək ola bilər. Çünki gəlirin müəyyən hissəsi kredit ödənişlərinə yönəldilsə belə, yaşayış xərclərini qarşılamaq üçün kifayət qədər vəsait qala bilər. Xüsusilə də şəxs kredit hesabına müəyyən məqsədini həyata keçirmək və ya hansısa işini qurmaq istəyirsə, bu amillər nəzərə alınmalıdır. Amma ümumi götürdükdə, kredit ödənişlərinin aylıq gəlirin təxminən 30-40 faizini təşkil etməsi daha məqsədəuyğundur. Bu, ödənişlərin sabit qalmasına və şəxsin maliyyə çətinliyi ilə üzləşməməsinə kömək edə bilər".


