Parisə yerləşən Luvr Muzeyinin direktoru Kristof Leribo xəbərdarlıq edib ki, bina əsaslı təmir olunmasa, muzey qapılarını ziyarətçilərin üzünə bağlamaq məcburiyyətində qala bilər.
Demokrat.az xəbər verir ki, o, "Le Figaro"ya müsahibəsində muzeyin köhnəlmiş infrastrukturu və təhlükəsizlik problemlərindən danışıb.
Director bildirib ki, hazırda təhlükəsizlik kameraları yenilənir, məhəccərlər, eskalatorlar, dam örtüyü, işıqlandırma və kondisioner sistemləri təmir olunur.
Leribonun sözlərinə görə, yayda həddindən artıq isti səbəbindən ziyarətçilərin sayı 8 faiz azalıb.
Direktor "Luvrun Yeni İntibahı" adlı genişmiqyaslı yenilənmə planının həyata keçirilməsini vacib sayır. Təmirin 15 ilədək davam edə biləcəyi bildirilir. Leribo 2027-ci il prezident seçkilərindən sonra formalaşacaq yeni hökuməti layihəyə dəstək verməyə çağırıb.
O bildirib ki, muzey yenilənməsə və müasir tələblərə uyğunlaşdırılmasa, nüfuzunu itirərək bağlanmaq təhlükəsi ilə üzləşə bilər.
Xatırladaq ki, 2025-ci il oktyabrın 19-da Luvrda təxminən yeddi dəqiqə davam edən oğurluq zamanı səkkiz qiymətli zinət əşyası aparılıb. Şübhəlilər saxlanılsa da, oğurlanan əşyalar hələ tapılmayıb.
Hazırda muzeydə təxminən 35 min sənət əsəri nümayiş etdirilir. (qafqazinfo.az)


