“Azərbaycan Dəmir Yolları” özəlləşdirilir? AÇIQLAMA

BİZNES 12 iyul 2024, 17:57
Xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin qanunsuz əldə edilmiş mənfəəti aşkar edilib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinhisar qanunvericiliyinin pozulması barədə qərar qəbul edib.  

Qərara əsasən “Azərbaycan Dəmir Yolları” QSC qanunsuz əldə edilmiş mənfəəti dövlət büdcəsinə qaytarmalıdır.

Məsələyə münasibət bildirən hüquqşünas Əsabəli Mustafayev Demokrat.az-a açıqlamasında bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC öz monopolist mövqeyindən istifadə edərək, qanunsuz şəkildə əlavə gəlirlər əldə edib:

“Bu qurum məhz monopolist inhisarçı olmaqla bəzi xidmətlərin göstərilməsində üstünlüyündən istifadə edərək, əlavə mənfəət qazanıb. Bu gəlir mütləq şəkildə dövlət büdcəsinə köçürülməlidir.

Əslində, bu cür şirkətlərin inhisarçı mövqeyi gözləniləndir. “Azərbaycan Dəmir Yolları” kimi şirkətlər təbii inhisarçıdır, çünki bu sahələrdə özəlləşmə getməyib, imkan verilməyib ki, müvafiq sahələrdə digər özəl şirkətlər də yaransın. Ona görə də bu cür qanunsuz mənfəət əldə etmələri daim olur. 

Xarici ölkələrdə belədir ki, hər hansı xidmət sahəsində fəaliyyət göstərən bir şirkətin payı 30 faizdən artıq ola bilməz. Əgər 35 faizdirsə, artıq antiinhisar komitəsi o şirkəti məhkəməyə verir və həmin şirkət də parçalanır. Şirkət özəlləşməyə, müəyyən hissəsini kiməsə satmağa məcbur olur. Bu qaydalara inkişaf etmiş ölkələrdə ciddi riayət olunur. 

Təəssüf ki, Azərbaycanda belə deyil. Təkcə təbii inhisarçılar deyil, süni surətdə yaradılmış inhisarçılar da var, bazara hansı məhsulu kim gətirir, hansı şirkət həmin məhsulla bazarı təmin edir – bütün bunlar yaxşı bilinir və bu özü də inhisarçılıqdır. Müəssisələr ya bir nəfərə, ya da bir ailəyə məxsus olur. Şirkət sahibləri ayrı-ayrı olsa da, bir ailənin üzvləridir. 

Çox təəssüf ki, Azərbaycanda güclü antinhisar qurumu yoxdur, ona görə də qiymətlər dəyərindən bahadır. İllər idi ki, AZAL-dan şikayət olunurdu, nəhayət yeni rəhbərlikdən sonra AZAL-da vəziyyət düzəlib, indi Bakıda 100 dollara harasa bilet tapmaq olur. Niyə? Çünki burada artıq inhisarçılığın zənciri qırılıb. 

Hesab edirəm ki, Azərbaycan mediası bu məsələlərə diqqəti artırmalıdır və obyektiv işıqlandırmalıdır. Cəmiyyət də tələb etməlidir ki, ölkəmizdə inhisarçılıqla mübarizə güclənsin və antiinhisar qanunlarımız ciddi işləsin”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top