Ata oğluna xəsarət yetirdi

HADİSƏ 10 iyul 2024, 12:49
Biləsuvar rayonunda 1957-ci il təvəllüdlü Sadif ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı oğlu Hətəmə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 26-da Biləsuvar rayonunun kəndlərindən birində baş verib. Sadif kənddə yerləşən birgə yaşadıqları fərdi yaşayış evində oğlu Hətəm ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. 

Mübahisə vaxtı Hətəmin üzərinə hücum edərək, qəsdən bir dəfə yumruqla sifət nahiyəsinə vurub. Sadif oğluna müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Sadifin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sadif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, arvadı vəfat etdikdən sonra oğlu Hətəm və onun ailəsi ilə birlikdə yaşayır: “Fevralın 26-da, saat 22 radələrində Hətəmin öz oğluna qarşı etdiyi hərəkətlərə görə əsəbləşdim və onu yumruqla bir dəfə vurdum. Hazırda əməlimdən peşmançılıq hissi keçirirəm. Buna görə də oğlum Hətəmdən üzr istəyirəm. Hətəmə dəymiş ziyanı aradan qaldırmışam və həmin şəxs ilə barışığa nail olmuşam”. 

Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Sadifin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top