Xəzərin Bakı sahillərində balıqların kütləvi ölümü: Səbəb nədir? — AÇIQLAMA (VİDEO)

HADİSƏ 08 iyl 2024, 08:50
Bakıda, Xəzər dənizinin Hövsan qəsəbəsi ərazisinə düşən sahillərində balıqların kütləvi ölümü qeydə alınıb.

Demokrat.az xəbər verir ki, bununla bağlı videogörüntülüər sosial şəbəkələrdə paylaşılıb.



Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq.

Nazirliyin mətbuat katibi İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.



O qeyd edib ki, balıqların hansı səbəbdən ölməsini müəyyən etmək üçün Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən əraziyə baxış keçirilib.

"Sudan və ölmüş balıqlardan nümunələr götürülüb. Aparılacaq analizlərin nəticəsi əldə olunan kimi ətraflı məlumat veriləcək".

"Bəs ümumiyyətlə balıqların bu cür kütləvi ölüm səbəbi nə ola bilər?" sualını isə Oxu.Az-a biologiya elmləri doktoru, professor Mehman Axundov cavablandırıb.



Professor diqqətə çatdırıb ki, son 4-5 il ərzində iyun ayında və iyulun əvvəllərində Hövsan və Türkandakı sahilyanı ərazilərdə balıqların kütləvi ölüm halı baş verir:

"Bu onunla bağlıdır ki, həmin akvatoriya çox dayaz dəniz sahəsidir və burada sahildən dəniz boyu hardasa bir metr dərinlik üçün ən azı bir kilometr məsafə qət etmək lazımdır.

Bakı buxtasının yarıbağlı olması səbəbindən yay aylarında burada suyun dəyişməsi çox az müşahidə olunur. Buna görə də dayaz olan sahil sularında suyun temperaturu qalxır və suda oksigenin miqdarı azalır.

İş orasındadır ki, dəniz növləri balıqları, məsələn, kilkələr, kefallar və s. əsasən iyuldan sentyabra qədər kürü tökmək üçün sahilyanı dayaz hissələrə miqrasiya edirlər. Burada onlar üçün müsbət olmayan bir şəraitlə rastlaşdırları üçün məhv olurlar.

Bunu iqlim dəyişikliyinə də bağlamaq olar. Çünki, bilirsiniz ki, Xəzər dənizi dayazlaşır, bu zaman dərinlik azalır, su daha çox qızdığı üçün sudakı oksigenin miqdarı azalır. Ona görə də bu cür mənzərələr meydana çıxır".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyl 2024, 21:15
12 iyl 2024, 20:17
Top