"Konstitusiya ilə bağlı ciddi problemlər ortaya çıxdığı üçün sülh müqaviləsini imzalamaq mümkün olmur" — AÇIQLAMA

GÜNDƏM 05 iyul 2024, 14:28
 Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Konstitusiya Günü münasibətilə xalqa müraciət dib. Müraciətdə Paşinyan ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistana xalqın özününkü hesab edəcəyi, dövlət və onunla münasibətlər haqqında fikirlərini əks etdirən yeni konstitusiya lazımdır: ”Əsas problem təkcə konstitusiyada yazılanlarda deyil, həm də onun necə qəbul edildiyindədir. Yeni konstitusiya məsələsi tez-tez spekulyasiya predmetinə çevrilir. Ölkədə institusional, psixoloji və fiziki sabitliyin möhkəmləndirilməsi istiqamətində işi davam etdirmək lazımdır”, - deyə Baş nazir qeyd edib.

Paşinyanın fikirlərini siyasi şərhçi Natiq Miri Demokrat.az-a şərh edib.

O deyib ki, yeni konstitusiyanın qəbulu zaman məsələsidir: 

“Azərbaycan Prezidenti də bildirib ki, substantiv danışıqlar ötən ilin dekabr ayında başlayıb. Keçən 6 ay müddətində ortada konkret nəticələr var. Yekun sülh müqaviləsi üçün zamana ehtiyac var və bu kontekstdə əlbəttə ki, Azərbaycan dövlətinin şərtləri var. Əsas şərt də odur ki, Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmalıdır. Ancaq bu məsələnin özündə də müəyyən problemlər var. Bilirsiniz ki, 2022-ci ildə Nikol Paşinyanın verdiyi qərar bu yaxınlarda dəyişdirilib. Əvvəlki qərarda konstitusiyada müəyyən dəyişikliklərdən söhbət gedirdisə, indi artıq yeni konstitusiyanın mətninin hazırlanması ilə bağlı göstəriş verilib. Yekun müddət 2026-cı ilin dekabrı göstərilir. 2026-cı ilə qədər qeyri-müəyyənlik fonunda Azərbaycan-Ermənistan münasibətlərinin qalması riskli amillər daşıyır. Bu gün dövlətlər sülhə yaxınkən konstitusiya ilə bağlı ciddi bir problem ortaya çıxdığı üçün sülh müqaviləsini imzalamaq mümkün olmur. Lakin Çərçivə Sazişini imzalamaq olardı”. 

Natiq Miri Azərbaycanın hüquqi təminata ehtiyacı olduğunu əlavə edib:

“Bu da Konstitusiyadakı ərazi iddialarının aradan qaldırılmasıdır. 2026-cı ildə Paşinyanın hakimiyyət müddəti bitir və yeni seçkilər keçiriləcək. Bu seçkilərdə hazırkı Baş nazirin yenidən qalib gələcəyi ilə bağlı işarələr yoxdur. Bu o deməkdir ki, hakimiyyət dəyişə bilər. Bu zaman konstitusiya dəyişmədiyi təqdirdə imzalanmış sülh müqaviləsinin dayanıqlılığı sual altına düşəcək. Paşinyan əslində ortaya bir fikir atır ki, konstitusiyanın dəyişdirilməsi ilə bağlı ictimai rəyi öyrənsin və cəmiyyətdə buna hazırlıq getsin. Ortada ciddi arqumentlər olmalıdır ki, Paşinyan ictimai rəyi öz xeyrinə çevirsin”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 19:27
Top