“Bakının COP29 beynəlxalq tədbirinə ev sahibliyi etməsində də Azərbaycan Polisinin rolu böyükdür”

GÜNDƏM 02 iyl 2024, 19:10
“Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Polisi çox çətin, keşməkeşli, hətta ekstremal vəziyyətlərdə fəaliyyətini davam etdirdi. Həmin illərdə milli ordu hələ tam formalaşmamışdı. Azərbaycan polisi həm daxildə cinayətkarlarla mübarizə aparır, həm də erməni işğalçılarına qarşı əzmlə savaşırdı. Qarabağ müharibəsi illərində 60 polis “Milli Qəhrəman” adına layiq görüldü, 86 nəfər “Azərbaycan Bayrağı” ordeni ilə təltif olundu. Qazilər arasında 300-dən çox polis əməkdaşı var idi”.

Bu faktları Demokrat.az-a “Polisə Dəstək İctimai Birliyinin sədri Şəmsəddin Əliyev açıqlayıb. Keçmiş polis əməkdaşı bu gün də Azərbaycan Polisinin cinayətkarlıqla ciddi mübarizə apardığını diqqətə çatdırıb:

“Avropada və dünyada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 6-7 min civarıdırsa, ölkəmizdə bu, 260-300 cinayət faktı təşkil edir. 2023-cü ildə 2022-ci illə müqayisədə xüsusilə ağır cinayətlərin sayı azalıb. Cinayətlərin təxminən 90 faizinin açılması təmin edilib. Bu, Azərbaycan Polisinin peşəkarlığından xəbər verir. Burada cəmiyyətin polisə dəstəyi də danılmazdır. Azərbaycan polisi həm də təvazökarlığı ilə seçilir. Onun gördüyü işlərin heç 10 faizi cəmiyyətə çatdırılmır. Cəmiyyət bilməlidir ki, asayişi qoruyan polisə qara yaxmaq olmaz. Ona hər məqamda dəstək olmaq hər birimizin vətəndaşlıq borcudur ”.

Ekspert vurğulayıb ki, bu gün Azərbaycanın COP29 kimi beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsində də polisin rolu böyükdür:

“Polis ölkədə vətəndaşların təhlükəsizliyini və sabitliyi təmin edən qurumdur. Beynəlxalq ictimaiyyət ölkədəki sabitliyin, əmin-amanlığın şahidi olmasaydı, çox güman ki, COP29-un burada keçirilməsinə yekdilliklə razılıq verilməzdi. BMT Baş katibi Quterreş də tədbirdə iştirak edəcəyini istisna etmir. Bu gün dünya ölkələri arasında Azərbaycan daxili təhlükəsizliyi ilə, sabitliyi ilə seçilirsə, buna görə hüquq-mühafizə orqanlarına minnətdar olmalıyıq”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top