“Yaxın vaxtlarda bütün xəstəxanalarda elektron reseptlər tətbiq olunacaq” — Həkim

GÜNDƏM 04 iyl 2024, 21:30
 “Elektron resept sistemi dövlətin tapşırığı ilə tətbiq edilib və hər bir vətəndaş müalicəni təyin edən həkimdən Elektron Resept yazılmasını tələb etməli, həkimlər isə Elektron Resept Sistemini tətbiq etməyə təşəbbüs göstərməlidir”.

“Report”un xəbərinə görə bunu Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin Elektron səhiyyənin standartları və təsnifatlarının nəşriyyatı bölməsinin mütəxəssisi Sevinc Məhərrəmova “Sağlam radio”da yayımlanan “Sağlam həyat” verilişində deyib. O qeyd edib ki, vətəndaş kağız üzərində yazılan resept əvəzinə həkimdən elektron resept tələb edə bilər.

Həkimlər elektron resept yazmaqdan imtina etdiyi təqdirdə və yaxud apteklər elektron reseptlə dərman buraxmaqdan imtina etdiyi təqdirdə, vətəndaşlara Səhiyyənin İnformasiyalaşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qaynar Xətt” nömrələri ilə (+994 12 431 38 28; +994 55 531 38 28 (“WhatsApp”)) əlaqə saxlamaq tövsiyə olunur. 

Mütəxəssis onu da bildirib ki, e-resept əhaliyə keyfiyyətsiz və vaxtı ötən dərman preparatlarının satışının qarşısını alır, şəffaf qiymətləndirmə ilə yanaşı, onların istehlakçı hüquqlarının qorunmasına xidmət edir.
“Rəqəmsal reseptə yalnız dövlət qeydiyyatından keçən və Tarif Şurası tərəfindən təsdiqlənən dərmanlar daxildir. Bioloji fəal maddələrin təyini rəqəmsal reseptə daxil deyil. Rəqəmsal resept sistemin yaddaşında saxlanılır. Bu da gələcək həkim müayinələri zamanı həkimlər tərəfindən daha öncə yazılan reseptləri görmək imkanı yaradır”, - S.Məhərrəmova vurğulayıb.

Həkim Şahvələd Məmmədov da Elekstron Resept Sisteminə keçidi müsbət hal kimi dəyərləndirib. 

O, Demokrat.az-a açıqlamasında deyib ki, Avropanın bir çox ölkəsində, eləcə də Türkiyədə bu sistem tətbiq olunub:

“Əlyazma şəklində olan reseptlər bəzən yanlış anlaşılır, əczaçılar da bəzən səhv preparatı verirlər. Bu baxımdan reseptlər elektron şəkildə verilsə, daha yaxşı olar. Amma düşünürəm ki, bu sistemə keçid birdən-birə çətin olar. Yəqin ki, yaxın aylarda respublikanın bütün xəstəxanalarında elektron reseptlər tətbiq olunacaq. Bəzi həkimlər artıq buna keçib. Düşünürəm ki, zamanla bütün həkimlər elektron reseptlərdən yararlanacaqlar. E-resept bilavasitə Səhiyyə Nazirliyinin elektron sistemində qeydiyyata alınır. Qr kod vasitəsilə həkimin yazdığı preparatları görmək olur. Bəzən xəstələr həkimin təyin etdiyi müalicədən narazı qalır. Xəstə şikayət etmək istəsə, istilən vaxt elektron sistemə daxil olub həkimin yazdığı resepti göstərə bilər. Düşünürəm ki, müəyyən çətinliklər həllini tapandan sonra hamımız xəstələrimizi e-reseptlə təmin edə biləcəyik. Elektron resurslardan yararlana bilməyən şəxslərə isə məcburuq ki, kağız şəklində resept yazıb verək”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 iyl 2024, 12:30
Top