"Minimum əmək haqqı arta bilər, amma..." — AÇIQLAMA

GÜNDƏM 01 iyl 2024, 11:32
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib. Bildirilib ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Artıq metro və avtobuslarda gedişhaqqı 50 qəpik təşkil edir.

 

Maraqlıdır, bəs qiymətlərin tənzimlənməsini nə zəruri edib? 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki,  ümumi şəkildə bu atılan addımlar inflyasiya səviyyəsini artıracaq:


“Hökumətin özünün planları, prioritetləri var. Bazar iqtisadiyyatıdır. Xərclər artdıqca hökumət də öz satdığı məhsulların qiymətini qaldırır. Amma burda narahat edən məsələ odur ki, hökumətin bu şirkətlərinin, konkret olaraq SOCAR-ın fəaliyyətinin şəffaflığına, xərclərinə dair ciddi narahatlıqlar var ki, SOCAR daha yaxşı və daha şəffaf idarə olunmalıdır. SOCAR-ın bu tip xərcləri sonradan əhali qarşılayırsa SOCAR əhali qarşısında daha çox hesabatlı olmalıdır, korporativ idarəetməni daha da təkmilləşdirməlidir. Hökumət yanacağın qiyməti  ilə bağlı qərarını izah edib ki, 92 markalı benzinin keyfiyyətini yaxşılaşdırıram, xərcim artıb. Ekoloji məqamlar var. 

Xalid Kərimli onu da əlavə edib ki, miniumum əmək haqqı arta bilər, amma orta əmək haqqının artması əmək bazarındakı şəraitdən asılı olur: 

“Hökumət minimum əmək haqqını çox böyük ehtimalla gələn ildən artıracaq. Maaşların artması üçün isə bunu inzibati qaydada etmək çox mümkün deyil. Buna gərək əmək bazarı imkan versin. Əmək bazarında işçiyə tələbat artsın ki, işçinin qiyməti artsın. Bu da əmək bazarında baş verən proseslərdən asılı olacaq. Hökumət inzibati şəkildə sadəcə minimum əmək haqqını gələn ildən artırmağı düşünür. Bunlar inzibati qərarlardır, bazar qərarları deyil”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top