Azərbaycanda ilk dəfə Elektrik Avtomobillərin Festivalı keçiriləcək — FOTO

SOSİAL 30 iyn 2024, 11:58
İyulun 7-də Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Elektrik Avtomobillərin Festivalı keçiriləcək. Bu tədbir Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və COP29 ərəfəsində təşkil olunur. 

Demokrat.az  xəbər verir ki, tədbir ekoloji nəqliyyat vasitələrinin təbliği və onların üstünlüklərinin nümayişi məqsədini daşıyır.

Ekoloji nəqliyyat vasitələrinin əhəmiyyətini vurğulamaq və cəmiyyətə onların üstünlüklərini çatdırmaq üçün böyük bir imkan yaradacaq Festival Ağ Şəhərdə başlayacaq. Orada planetimizə zərər vurmayan nəqliyyat vasitələri – “yaşıl” avtomobillər sərgilənəcək. 

Festivalın məqsədi elektrik avtomobil həvəskarlarını, eləcə də elektrik maşınları ilə bağlı tərəddüd edən insanları bir araya gətirmək, ekoloji təmiz mühitdə yaşamaq üçün elektrik avtomobillərinin  əhəmiyyətini göstərməkdir.

Qeyd edək ki, elektrik avtomobilləri sıfır emissiya ilə işləyərək karbon dioksid (CO2) və digər zərərli qazların atmosferə buraxılmasının qarşısını alır.

Bu, iqlim dəyişikliyi ilə mübarizədə mühüm addım olmaqla yanaşı, hava keyfiyyətini artıraraq insanların sağlamlığına xidmət edir.

Festivalda iştirak edərək dünyamız və ətraf mühit üçün faydalı bir tədbirin parçası olmaq istəyən elektrik avtomobillərinin sahibləri iyulun 5-dək Azərbaycan Avtomobil Federasiyasının info@faa.az elektron ünvanı və ya +994502950100 mobil nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.

Həm ekologiya, həm də mədəniyyət sahəsində böyük əhəmiyyət kəsb edən Festivalda  musiqili proqram təqdim olunacaq və müxtəlif nominasiyalarda qaliblər təltif ediləcək.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top