Övladına yemək almaq üstündə küçədə arvadını döydü — TƏFƏRRÜAT

HADİSƏ 28 iyn 2024, 11:58
Bakının Sabunçu rayonunda 1996-cı il təvəllüdlü Musa şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Xədicəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 3-də, gecə saat 01:00-da baş verib. Musa qeyri rəsmi nikahda olduğu həyat yoldaşı Xədicəni yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivində küçədə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qəsdən əli ilə baş, üz və bədənin müxtəlif nahiyələrinə vurub. 

Hadisəni törədən Musanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Musa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, fevralın 3-də,  saat təxminən 00:30-da tanışlarının yanından duraraq evə gedib:

“Evin qarşısına çatan zaman Xədicəyə zəng vurdum və küçəyə çıxmasını, övladım üçün birgə yemək almağa getməyi təklif etdim. Xədicə mənə heç bir etiraz etmədən küçəyə çıxdı. Küçə ilə gedən zaman Xədicə ilə aramızda övladıma yemək almağa görə mübahisə başladı. Mübahisə zamanı  əsəbləşdim. Xədicənin baş, üz və bədən nahiyələrinin müxtəlif yerlərinə bir neçə dəfə vurdum”. 

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Musanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top