Gününüz mübarək, Vətən oğulları

GÜNDƏM 26 iyn 2024, 12:09
Günün mübarək,qardaşım, günün mübarək, Vətən. Günün mübarək, torpaq uğrunda canını fəda edənlər, günün mübarək, oğul anaları…

Əlinizə silah aldığınız bir gündən Vətən sizə oğul dedi, haqqını halal etdi. Gün sizin gününüzdür.

Torpağın hər qarışında haqqı olanlar, yuxusu ərşə çəkilənlər, qan tökənlər, qanı tökülənlər, Gününüz mübarək.

Doğulandan qanınıza işlədi yurd həsrəti, torpaq sevdası. O amalla böyüdünüz, o həsrətlə yandınız, uşaqlığınız, gəncliyiniz Vətən yanğısı ilə keçdi, getdi. Qisas hissi aman vermədi yastığa rahat baş qoymağa, qeyrətinizə bütün dünya həsədlə baxdı kənardan. Azərbaycan öz adını tarixlərə yazdı sizin qələminizlə. Sizin sayənizdə bayram bayram oldu, sizin sayənizdə başlar sinəmizdən qalxdı, sizin sayənizdə Qarabağ bizimdir! Sizin qəhrəmanlığınızla bütöv oldu Azərbaycan. Hər qarışında haqqınız var, hər zərrəsində yuxusuz gecələriniz, əzablarınız var. Bu gün fəxarətlə dolaşdığımız o torpaqların hər qarışı ana südü kimi halalınız olsun, igidlər.

Siz də haqqınızı halal edin, sizin canınız, qanınız hesabına üstündə gəzib-dolaşdığımız bu torpağı halal edin bizə.

Qeyrətinə, amalına, yoluna analar,bacılar qurban ,Vətən oğlu, bayramın mübarək. Gün sənin günündür, bizsə sənin hesabına bayram qeyd edənlər. Yaşa, var ol, sizin kimi oğullar var olduqca Vətən bayrağı ən yüksəklərdə dalğalanacaq, düşmən gözü kor olsun. Azərbaycan sizinlə qürur duyur, silah tutan əllərinin, düşmənə qarşı yürüyən ayaqlarının, yatmayan gözlərinin halallığını ala bilsək, bizim də bayramımız mübarək…

P.S Bu gün sənin sağ əlinin hesabına ,sənin kimi oğlanların hesabına bayram oldu, əziz Ruslan. Önündə sayğı ilə əyilərik, Vətən sənindir,oğul. Səninlə qürur duyuruq, bizim mərd balamız, igid qazimiz, qəhrəmanlığınla fəxr edirik.
İcazə ver, düşmənə qan udduran, Vətənə fəda etdiyin o sağ əlindək öpək…

Gülər Mübariz

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top