Rəsulzadə və XIX əsr Azərbaycan ədəbiyyatında yeni SİMA

ƏDƏBİYYAT 26 iyun 2024, 11:14
Polşada, Krakov şəhərində Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş bir elmi tədbirə hazırlaşırdım. Tədbir Azərbaycan-Polşa tarixi əlaqələri kontekstində keçirildiyindən təbii ki, edəcəyim məruzədə bu iki mövzunu sıx əlaqədə işıqlandırmalı, Məhəmməd Əmin Pəsulzadənin Polşada mühacirət dövrü həyatı və fəaliyyəti  məsələsinə xüsusi toxunmalı idim. Odur ki, səfərə hazırlıq mərhələsində əlimdəki sənəd və arxiv materiallarından əlavə bu mövzuda daha yeni nələrinsə olacağı ehtimalı ilə internetdə sorğular verir, araşdırma aparırdım. Gələn cavablar arasında əsasən Məhəmməd Əmin Rəsulzadənin bioqrafiyasını araşdırması ilə tanınan bir tarixçinin “525-ci qəzet”in 2 il əvvəlki saylarının birində dərc olunmuş “Azərbaycan-Polşa əlaqələri tarixindən” adlı məqaləsi informasiya və faktların zənginliyi ilə diqqətimi cəlb etdi. Məqalə Rəsulzadənin özünün Azərbaycan-Polşa əlaqələrini şərtləndirən səbəblərə dair çox maraqlı fikirləri ilə başlayırdı. Daha sonra mənbə göstərilməsə də (qəzet materialında bu vacib şərt deyil), bir sıra maraqlı məlumatlar sadalanırdı. Məqalənin sonunda isə başqa bir konkret faktla bağlı Məhəmməd Əmin bəyin polyak dilində nəşr edilmiş "Azərbaycan Müstəqillik uğrunda mübarizədə" kitabından sitat gətirilirdi.

Azərbaycan-Polşa münasibətlərinin demək olar ki, geniş tarixi mənzərəsi yaradılan bu məqalədə müəllifin göstərdiyi digər bir nümunə isə artıq böyük sual doğururdu, lakin onun da mənbəyi göstərilmədiyindən tarixçinin bu maraqlı məlumatı haradan götürdüyü naməlum qalırdı:

“Azərbaycanlıları polyaklarla əlaqələndirən çoxlu sayda faktları sadalamaq mümkündür. Məşhur polyak şərqşünası Vladislav Kostyuşki isə 1858-ci ildə çap edilmiş yazılarında məşhur alim və şair Mirzə Kazım bəy haqqında  maraqlı məlumatlar vermişdi. O göstərmişdi ki, Mirzə Kazım bəy 18 il Polşada yaşamış və polyak dilini əsaslı şəkildə öyrənmişdi. Eyni zamanda o, Varşavaya gözəl şeirlər həsr etmişdi. Mirzə Kazım bəyin poetik nümunələri içərisində polyak dilində dini mövzuda yazdığı bir neçə şeir də var”. 

Mirzə Kazım bəyin bioqrafiyasına az-çox bələd olsam da, bu Azərbaycan əsilli  görkəmli şəxsiyyətin, həqiqətən böyük tarixçi, dilçi, ədəbiyyatşünas alimin Polşa ilə əlaqələri və xüsusilə “18 il Polşada yaşaması və polyak dilini əsaslı şəkildə öyrənməsi” kimi faktları hər halda yoxlamaq qərarına gəldim və təbii ki, heç birinin təsdiqini tapmadım.

Ertəsi gün Milli Elmlər Akademiyasında Ədəbiyyat İnstitutunun əməkdaşı, Polşa-Azərbaycan əlaqələri üzrə tanınmış alim, bir neçə monoqrafiya və kitab müəllifi, filologiya üzrə elmlər doktoru Gülər xanım Abdullabəyova ilə görüşdük. O, Rəsulzadə ilə bağlı Polşada keçiriləcək bir beynəlxalq konfrans üçün mənə öz tezislərini gətirməli idi. Həmin tezislərlə bərabər Gülər xanım eyni zamanda Məhəmməd Əmin bəyin yuxarıda adı çəkilən, Varşavada nəşr olunmuş "Azərbaycan Müstəqillik uğrunda mübarizədə" adlı kitabından “Azərbaycan-polyak” əlaqələri adlı ayrıca fəsli ilk dəfə polyakcadan dilimizə tərcümə edilərək “Azərbaycan” jurnalında ayrıca məqalə kimi dərc olunmuş nüsxəsini də mənə hədiyyə etdi.



Gülər xanımın tərcümə etdiyi məqaləni oxuyuram və düzü ilk olaraq keçirdiyim hissləri nədənsə pərtlik kimi qiymətləndirirəm: sən demə, yuxarıda haqqında bəhs etdiyim tarixçinin Azərbaycan-Polşa əlaqələrinə dair məqaləsindəki fakt və informasiyaların böyük əksəriyyəti Rəsulzadənin bu əsərinə əsaslanırmış. Həmin əlaqələri şərtləndirən “3 elementin” geniş şərhindən və Rəsulzadənin öz xatirələrindən başlayaraq, daha sonra mənbəyi göstərilmədən gətirilən nümunələrdə  – Rusiya dumasında polyak A.Lednitski ilə azərbaycanlı Ə.M.Topçubaşovun əməkdaşlığı, Bakıda polyakların cəmiyyəti, Azərbaycan gənclərinin Adam Mitskeviçin poeziyasına marağı, Henrik Senkeviçə həsr olunmuş bədii gecədə Rəsulzadənin çıxışı, polyak kapitalistlərinin Bakının neft sənayesində iştirakı (Rılski ailəsi), polyak memarlarının Bakının arxitekturasına misilsiz töhfələri barədə  məlumatlar verilir. Daha sonra polyakların Azərbaycanın siyasi həyatında iştirakı və vəkil Vansoviçin nümunəsində Azərbaycan milli hərəkatını dəstəkləməsi, Cümhuriyyət dövründə polyak hüquqşünaslarının və diplomatlarının ən mühüm hökumət qurumlarında, o cümlədən Ədliyyə Nazirliyi sistemində  yüksək vəzifələrdə təmsil olunmaqla dövlət quruculuğunda böyük rolları,  polyak zabitlərinin Azərbaycan Ordusunun qurulmasında xidmətləri və eyni zamanda aparılan döyüşlərdə bilavasitə iştirakı  və s. məsələlərə dair M.Ə.Rəsulzadənin gətirdiyi nümunələr, hər sahəyə aid çəkdiyi onlarca adlar, verdiyi məlumatlar, şərhlər, təhlillər  –  artıq sadəcə faktların sadalanması deyil. Rəsulzadənin bu kitabı  hələ 1938-ci ildə Varşavada yazıb nəşr etdirdiyi nəzərə alınarsa, həmin əsərin “Azərbaycan-polyak əlaqələri” adlanan fəsli  iki ölkə və xalqlar arasında münasibətlərinin tarixinə həsr olunmuş ilk tədqiqat əsəri hesab edilə bilər. Gülər xanım Abdullabəyovaya Respekt! Kitabın dilimizə çevrilmiş bir fəsli  belə ehtimal etməyə əsas verir ki, Rəsulzadənin "Azərbaycan Müstəqillik uğrunda mübarizədə" adlı əsəri orijinal tədqiqatdır və əlbəttə tam şəkildə Azərbaycan dilinə tərcümə edilməlidir.

Məhəmməd Əmin bəyin əlimdə olan məqalə-tərcüməsində məni xüsusilə maraqlandıran bir ad var – Mirzə Kazım bəy! Sözü gedən fəsildə Rəsulzadə 1-2 kiçik texniki yanlışlıqlara yol verib, onlardan birini - Henrik Senkeviçə həsr olunmuş bədii gecənin tarixi (1915) və bu haqda məlumat vermiş qəzetin adını (“Azərbaycan”) tarixçi müəllif “525-ci qəzet”dəki öz məqaləsində (Rəsulzadəyə istinad etmədən) dəqiq göstərib (1917-ci il, “Açıq söz”).  Lakin çox ciddi sual budur ki, həmin bədii gecənin keçirildiyi vaxtdan  20 ildən artıq zaman ötdüyü nəzərə alınarsa, anlaşılan bu kiçik yanlışlıqla bərabər M.Ə.Rəsulzadə məşhur Mirzə Kazım bəy haqqında elə ciddi bioqrafik səhvə yol verə bilərdimi? Tərcümə edilmiş fəsildə həmin hissəsini oxuyuram və az qala gözlərimə inanmıram. Rəsulzadə yazır: “Polyak şərqşünası Vladislav Koşçuşkonun 1858-ci ildə çap olunmuş, bakılı şair Mirzə Kazım (orijinalda - Mirzə Kasım) haqqında informasiyası maraqlıdır. Şair Polşada 18 il yaşamış, polyak dilini mükəmməl bilmiş və Şərq dillərində duyğulu hisslərlə dolu şeirlər yazmışdır. Mirzə Kazımın Varşavaya həsr olunmuş şeirləri də varmış, bundan başqa onun poetik mirasında polyak dilində yazılmış bir neçə dini himnlər də mövcuddur, onlardan “Ədəbi cəza və mükafat” və “İlahi işarə” əsərlərini göstərmək olar”. (Bax: “Azərbaycan” jurnalı, 2024, № 1, səh. 106-107)

Beləliklə, məsələ tam aydınlaşır. Rəsulzadənin mətnində tanınmış şərqşünas alim Mirzə Kazım bəydən söhbət getmir. Ümumiyyətlə, onun yazısında “bəy” sözünün işlədilmədiyini nəzərə alaraq, “Mirzə Kazım bəy” məsələsini “525”in oxucularına yanlış təqdim etmiş tarixçi alimin insafına buraxaraq, diqqətimi bu yeni ad ətrafında cəmləyirəm. Bəs Rəsulzadənin adını çəkdiyi “Mirzə Kasım” kimdir? Varşavaya- şərqşünas tədqiqatçı həmkarım Şəhla Kazımovaya yazıram və sonrakı 3 gündə bu məsələni aydınlaşdırmağa başlayırıq.  Nəticə olaraq Rəsulzadənin yuxarıdakı məlumatları ayrı-ayrı müəlliflərin kitablarındakı qısa mənbələr əsasında topladığı məlum olur. Şəhla XIX əsrin ortalarında Varşavada nəşr olunmuş bütün o nəfis kitabların ilkin çap nüsxələrinin PDF variantlarını mənə göndərir. Onlardan biri “Quran”ın polyak dilinə tərcüməsidir. Çox maraqlı qeydlərdir, çox maraqlı! Rəsulzadənin göstərdiklərindən əlavə də məlumatlar, şairin polyak dilində yazılmış və ya tərcümə edilmiş şerlərindən nümunələr var. Beləliklə, bizə lazım olan ad dəqiqləşdirilir: Mirzə Qasım Məşədi Abdulla oğlu (Mirza Kasym  - Mirza Kasim Meszedy Abdulla Ohlu), qafqazlı, bakılı, XIX əsrin ortalarında siyasi səbəblərə görə öz vətənində qala bilməyib, Varşavaya gəlib və 18 il burada yaşayıb, ərəb, fars dillərində şeirlər yazıb, əsərləri polyak dilinə də çevrilib. Mənbələrdə şairin adı əsasən Mirzə Kasım Məşədi kimi verilir. Rəsulzadə, görünür ki, “Məşədi” sözünün şairin atasının adının əvvəlində gəldiyini və ona aid olduğunu nəzərə alaraq yalnız “Mirzə Kasım” adını göstərir.      



Sonrakı addım kimi, təbii ki, bu adın Azərbaycanda məlum olub-olmadığını araşdırıram. Gülər xanım Abdullabəyova bu məsələyə diqqət yetirməyib. XIX əsr  Azərbaycan poeziyası və ədəbiyyat tarixinin daha iki bilicisi, tanınmış alimlərlə şəxsən görüşüb danışırıq, heç bir məlumatları yoxdur. Nəhayət, bu mövzuda ən qiymətli mənbə - Firudin bəy Köçərlinin 2 cildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabını çox diqqətlə nəzərdən keçirirəm, XIX əsrdə yaşayıb yaratmış şairlərin adlarını dönə-dönə yoxlayıram. Mirzə Qasım Məşədi adlı əslən Bakıdan olan şairin adı heç yerdə keçmir.

Fikir verdinizsə, mən burada M.Ə.Rəsulzadənin həmin məlumatları götürdüyü mənbələrin adlarını göstərmirəm. Çünki qərar qoymuşuq, Rəsulzadənin ipucu verdiyi, Şəhla Kazımovanın da artıq üzə çıxardığı mənbələr əsasında bəlkə də Azərbaycanı ilk dəfə Varşava-Polşa mühitində tanıdan, polyak intellektualları, alimləri tərəfindən yüksək qiymətləndirilən bu Azərbaycan şairi haqqında əvvəlcə Şəhla Kazımova özü ilkin tədqiqat aparsın və bir məqalə yazsın. Varşava Universiteti Şərqşünaslıq fakültəsinin müəllimi, filoloq-alim və Rəsulzadə haqqında Polşada ilk iri həcmli monoqrafiyanın müəllifi kimi Şəhlanın Mirzə Qasım Məşədi adlı azərbaycanlı şairi geniş elmi-ədəbi ictimaiyyətə ilk olaraq tanıtmaq haqqı vardır. Şəhlanın Mirzə Qasım Məşədinın bioqrafiyası ilə bağlı artıq çox inandırıcı ehtimalları da yaranıb, məqaləsini  gözləyək.

Beləliklə, Krakov səfərinin bu qeyri-adi səhifəsi bu ölkəyə, onun vətəndaşlarının bizim xalqımız, şəhərimiz və dövlətçiliyimiz tarixində oynadıqları rola və verdikləri misilsiz  töhfələrə görə minnətdarlıq hissimi daha da dərinləşdirir. Əslində polyak xalqına və onun dövlət adamlarına hələ yalnız mühacirət həyatının ən ağır dövründə M.Ə.Rəsulzadəyə qucaq açdığı, sığınacaq verdiyi, onun ləyaqətli həyat sürməsini təmin etdiyi üçün bir azərbaycanlı olaraq ayrıca vətəndaş borcumuz var və mən öz məruzəmə də elə bu minnətdarlıq ifadəsi ilə başlamışdım.

Amma Rəsulzadə də harada olduğundan, hansı zaman və şəraitdə yaşadığından asılı olmayaraq, 1920-ci ilin yayında Lahıc dağlarında gizlənərkən,  həbsi ərəfəsində yazdığı  “Əsrimizin Siyavuşu” ilə başlanan “Azərbaycan” yoluna davam etdiyini bir daha təsdiqlədi. 1938-ci ilin sonlarında, bəşəriyyətin II Dünya müharibəsi, Polşanın özünün artıq faşist Almaniyası tərəfindən işğalı ərəfəsində, xaricdə, azadlıqsevər bir ölkənin dilində “Azərbaycan Müstəqillik uğrunda mübarizədə" adlı əsər yazmaqla!  

M.Ə. Rəsulzadənin XIX əsrin ortalarında polyak dilində nəşr edilmiş neçə-neçə kitablardan zərrə ilə topladığı və cəmi bir neçə sətrə sığışmış kiçik bir məlumatda haqqında söz açdığı şair Mirzə Qasım adını elmi dövriyyəyə gətirməsi ilə başlanan tədqiqatlar şübhə yoxdur ki, Polşa-Azərbaycan ədəbi-mədəni əlaqələrinə yeni bir nəfəs verəcək. Bu baxımdan, öz alim və tədqiqatçı həmkarlarımı bir daha Rəsulzadənin sırf elmi əhəmiyyət daşıyan əsərlərinə, yazılarına istinadlar verməklə, onları elmi ədəbiyyatda təsbit etməyə çağırıram. Rəsulzadə özünün həm də “alim” kimi statusunu yalnız “Azərbaycan şairi Nizami” kimi möhtəşəm tədqiqatı ilə deyil, saysız məqalələrində Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyatına dair gətirdiyi yeni faktlar, əsaslı arqumentlər, orijinal fikirlər və yanaşmalarla təsdiq edib. Gəlin böyük alim Rəsulzadənin özünə layiq haqqını verək.



Solmaz Rüstəmova-Tohidi

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:47
21 noyabr 2024, 12:30
Top