“Azərişıq” Göygöldə sahibkarlarla görüş keçirdi — FOTOLAR

SOSİAL 11 iyn 2024, 14:46
Fermer və sahibkarların rahat fəaliyyəti və yaranan problemlərinin yerində aradan qaldırılması məqsədilə “Azərişıq” ASC ölkənin bütün regionlarında görüşlər təşkil edir. Belə görüşlərdən biri Göygöldə baş tutub.

Demokrat.az xəbər verir ki, Göygöl Gənclər Evində keçirilən tədbirdə 50-yə yaxın sahibkar və yerli sakin iştirak edib. Görüşdə “Azərişıq” ASC-nin ASAN xidmətlə iş departamentinin direktor müavini, Qərb RETSİ-nin nümayəndələri, eləcə də qurumun mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, həmçinin Göygöl İH başçısının müavini iştirak edib.

Görüş zamanı fermer və sahibkarlara “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi quruculuq və əsaslı təmir-bərpa işləri barədə geniş məlumat verilib. Bildirilib ki, Cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən yenidənqurma işləri çərçivəsində ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə Yarımstansiyalar tikilir, elektrik xətləri, dayaqlar, sayğaclar yenilənir, müasir transformatorlar quraşdırılır. Müasir şəbəkələrin qurulması enerji itkisinin qarşısının alınması ilə yanaşı əhali və qeyri-əhali abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına hesablanıb. Bütün regionlarımızla yanaşı bu işlər həm də Qarabağda tam gücü ilə aparılır.

Həmçinin, qurumun elektron xidmətləri barədə də sahibkarlarla maarifləndici söhbətlər aparılıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmə imkanları ətraflı izah olunub. Görüş zamanı müxtəlif məsələlərlə bağlı suallara aydınlıq gətirilib, iştirakçıların fikirləri, təklifləri, tövsiyələri dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll edilib.

“Azərişıq” ASC yenidənqurma sahəsində olduğu kimi marrifləndirici tədbirlərini də Göygöllə yanaşı ölkənin digər bütün regionlarında davam etdirəcək.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top