4 minə yaxın müəllim keçid balını toplaya bilmədi

SOSİAL 10 iyn 2024, 17:35
2022 və 2023-cü illərdə təşkil olunan sertifikatlaşdırma proseslərində 31 227 ibtidai sinif, 9 247 Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak edib.

Demokrat.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.

Bildirilib ki, sertifikatlaşdırmadan keçmiş 8 410 müəllimin əməkhaqqısına 35 faiz, 23 538 müəllimin əməkhaqqısına isə 10 faiz artım tətbiq olunur.

2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün Təhsil İnstitutu tərəfindən təlimlər təşkil edilib. Bu il iyun ayının 8-də isə sözügedən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanlarda 7 296 müəllim iştirak edib. 

İlkin nəticələrə əsasən, ölkə üzrə bu il 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb. 

Qeyd edək ki, təkrar sertifikatlaşdırma prosesi ilə bağlı apellyasiya müraciətlərinin qəbulu 10–13 iyun tarixlərində aparılacaq. Müəllimlər müraciətlərini portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər. Eyni zamanda bildiririk ki, Təhsil İnstitutu tərəfindən ibtidai sinif müəllimliyi üzrə təkrar sertifikatlaşdırma imtahanında istifadə olunan suallar ictimaiyyətlə paylaşılacaq.

Bu gündən etibarən regional təhsil idarələrində təkrar sertifikatlaşdırma imtahanında keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılması məqsədilə komissiyalar fəaliyyətə başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top