“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı başa çatdı — FOTO

MƏDƏNİYYƏT 06 iyn 2024, 08:45
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının ikinci günü yekunlaşıb.

Demokrat.az xəbər verir ki, proqramın ikinci günündə "NexGen: Sosial İnnovasiyalar Forumu", “Beynəxalq liderlik və diplomatiya” konfransı, "İslam gəncləri sülh və harmoniya naminə danışır" adlı panel müzakirəsi keçirilib.

"NexGen: Sosial İnnovasiyalar Forumu" na dövlət rəsmiləri, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nümayəndə heyətləri, müxtəlif qurumların, təşkilatların rəhbər nümayəndələri və 36 ölkədən 150-dən çox gənc qatılıb.

"NexGen - Sosial İnnovasiya Forumu" çərçivəsində iştirakçıları praktiki bacarıq və anlayışlarla ruhlandırmaq, təchiz etmək üçün nəzərdə tutulmuş üç saatlıq proqram baş tutub. Sosial Sahibkarlıq mövzusunda seminar keçirilib. Mütəxəssislərin rəhbərliyi ilə keçirilən seminarda sahibkarlıq və sosial təsirin kəsişməsi araşdırılıb, iştirakçılara öz icmalarında müsbət dəyişikliklərin aparılması üçün məlumatlar verilib. Sessiya sual-cavabla yekunlaşıb.

Daha sonra “Şuşa – İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramın iştirakçıları üçün Şuşa turu təşkil edilib. İslam Əməkdaşlıq Təşkilatına daxil olan müxtəlif ölkələrdən gələn gənclər Şuşadakı bərpa və tikinti-quruculuq prosesi ilə tanış olublar.
Qonaqlar Şuşa qalası, Yuxarı Gövhərağa məsdi, Cıdır düzü, Xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş heykəllərini ziyarət ediblər, Şuşanın qədim küçələrini dolaşıblar.
Onlar Şuşanın tarixi əhəmiyyəti, eləcə də ermənilərin işğal dövründə şəhərə vurduğu ziyan barədə məlumatlandırılıblar.

Proqram “Beynəxalq liderlik və diplomatiya” adlı konfransla davam edib. Tədbir iştirakçıları beynəlxalq münasibətlərin formalaşmasında liderliyin rolu ilə bağlı düşündürücü panel müzakirələrində iştirak ediblər.

Daha sonra sülh və harmoniya naminə gənclər arasında birliyin gücləndirilməsində İslam ənənələrinin rolunu araşdıran "İslam gəncləri sülh və harmoniya naminə danışır" adlı panel müzakirəsi keçirilib.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top