"Senzura qoymaq olmur, ancaq müəyyən məhdudiyyətlər tətbiq oluna bilər" — AÇIQLAMA

MEDİA 03 iyn 2024, 19:55
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bəzi media subyektlərinə irad bildirib. O deyib ki, bəzi media subyektləri bəd, mənfi yüklü xəbərlər istehsal edib tirajlamaqda “ixtisaslaşıblar”: “Neqativ yaymaqdan zövq alan belələri ən adi məişət hadisəsini, ən xırda münaqişəni elə hay-həşirlə təqdim edirlər, elə bil, dünyanın sonudur. Hay-küyçülük tendensiyanın vüsət almasında Türkiyənin bir sıra televiziya kanallarının da mənfi təsiri var. Sanballı telekanallarda bəzən elə hadisələri “mühüm” xəbərə çevirib böyük həyəcanla təqdim edirlər, adamı heyrət bürüyür: sən demə, tülkü hinə giribmiş, boz dana bağ-bostanı viran qoyubmuş, nə bilim daha nələr...

Ən pisi isə odur ki, belə xoşagəlməz nümunələr bizim ciddi saydığımız bəzi media orqanlarının da fəaliyyətinə sirayət edir”, - deyə Rəşad Məcid vurğulayıb. 

Sosioloq Elçin Bayramlı Demokrat.az-a bildirib ki,  hazırkı dövrdə elmi yazılara maraq yoxdur

“Məqsəd cəmiyyətin məlumatlandırılması və maarifləndirilməsindən daha çox oxucu kütləsi toplamaq, baxış sayı yığmaqdır. Bu kimi xəbərlər daha çox marağa səbəb olur, oxunur deyə xüsusilə də elektron media belə məlumatları tirajlamaqda maraqlıdır. Çünki media orqanları özü-özünü maliyyələşdirməlidir, Sovet dövründə isə maliyyə problemləri yox idi, saxta başlıqlar, yalan, böhtan dolu xəbərlərə ehtiyac qalmırdı, heç buna icazə də yox idi. İndi isə media azaddır. Günah həm də daha çox oxucu kütləsindədir, yəni sosial sifariş belədir. Elmi yazılara maraq yoxdur. Media, mətbuat tamamilə dövlət tərəfindən maliyyəşdirilsə, belə neqativ hallar aradan qalxar. Amma bu da iqtisadi cəhətdən çətindir. Cəmiyyətin intellektual səviyyəsi, məsələlərə yanaşma tərzi də təsiredici amildir. Senzura qoymaq olmur, ancaq müəyyən məhdudiyyətlər tətbiq oluna bilər”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top