“Qiymətləri şişirdilən şagirdlər çoxdur” — Universitetə qəbul attestatla aparılacaq?

GÜNDƏM 20 may 2024, 19:32
 Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə attestatla ali məktəblərə qəbul məsələsinə toxunub. O, jurnalistlərə açıqlamasında deyib ki, hələ ki attestatla ali məktəbə qəbul gözlənilmir: “Sıfır balla da attestat alan var. Amma bu balla universitetə qəbul olmaq mümkün deyil. Ancaq ola bilsin ki, model dəyişsin".

Təhsil eksperti Elçin Murad da düşünür ki, Azərbaycanda attestatla ali məktəblərə qəbul modeli hələ ki uğurlu nəticə verməyəcək.

O, Demokrat.az-a açıqlamasında deyib ki, orta məktəblərdəki təhsil sistemi xarici ölkələrdəki qədər güclü deyil:


“Şagirdlərin aldığı təhsil onların birbaşa attestatla universitetlərə qəbul olması üçün kifayət deyil. Bu gün sadəcə orta məktəbdə aldığı təhsillə repetitor yanına və ya kursa getmədən universitetə daxil olan abituriyentlər barmaqla sayılacaq qədərdir. Savadsız şagirdləri attestatla universitetə qəbul etmək doğru olmazdı. Bu, təhsildə hərc-mərcliyə səbəb ola bilər. Tələbə adı qazanmış şəxslər qiymət məsələsində problem yaşamağa başlayacaqlar. Bu da rüşvətə yol açacaq. Attestatla universitetlərə qəbul metoduna keçmək üçün orta təhsilin keyfiyyətini yüksəltmək lazımdır. Orta məktəblərdə keçirilən monitorinqlər, summativ qiymətləndirmələr ali təhsil pilləsinə uyğun deyil. Suallar çox bəsit olur, şagirdlər kənardan kömək istəyirlər. Attestatla qəbulda orta məktəbdə qiymətləri yüksək olan şagirdlərə üstünlük verilir. Bizdə isə qiymətləri şişirdilən şagirdlər çoxdur”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top