“Prezidentin çıxışı xarici qüvvələrə xəbərdarlıq, region ölkələrinə isə etimaddır” — AÇIQLAMA

SİYASƏT 20 may 2024, 17:31
“Cənubi Qafqaz regionuna müdaxilələr həddən artıq çoxdur. Söhbət Ermənistan-Azərbaycan münaqişəsindən, eləcə də digər münaqişələrin alovlandırılması və region ölkələrinin bir-biri ilə münasibətlərini pisləşdirməkdən gedir. Xarici aktorlar mütəmadi olaraq proseslərə müdaxilə edir və öz maraqları naminə proseslərin istiqamətini dəyişdirməyə çalışırlar”.

Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib. 

O, Prezident İlham Əliyevin Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib. 

Turan Rzayevin sözlərinə görə, regionda sabitliyin olmasını istəməyən qüvvələr var:

“Bu, regionun inkişafına başlıca maneə törədən amillərdəndir. Cənab Prezidentin qeyri-regional ölkələrin regiondakı proseslərə müdaxiləsi qəbuledilməzdir deməsi həm də bir xəbərdarlıqdır. Yəni, biz öz məsələlərimizi özümüz həll edə bilərik. Lazım gəldikdə siyasi gərginliklərə baxmayaraq, iqtisadi sahədə və digər humanitar məsələlərdə əməkdaşlıqlarımızı davam etdirə bilərik. 

Biz hər zaman qonşularımızdan bizim onlarla rəftar etdiyimiz kimi davranmalarını tələb etmişik. Azərbaycan hər zaman regionda sabitliyin olması üçün çalışıb. Prezident İlham Əliyevin təklif etdiyi “3+3” formatı da region ölkələrini özündə birləşdirən siyasi, iqtisadi, diplomatik platformadır. 

Prezident İlham Əliyevin çıxışı xarici qüvvələrə xəbərdarlıq, region ölkələrinə isə etimaddır və rəsmi Bakının mövqeyini açıq şəkildə ifadə edir".


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top