“Adlarını açıqlamaqla məsələ həll olunmur” — Ekoloq bölgələrdəki restoranlardan DANIŞDI

SOSİAL 30 apr 2024, 15:29
Havaya normadan artıq tullantılar atan ictimai iaşə obyektləri və restoranların adları açıqlanıb. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb. Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Ekoloq Ənvər Əliyevin sözlərinə görə, xüsusən də bölgələrdə çay kənarlarında fəaliyyət göstərən kafe və restoranların tullantıları çaylara axıdılır. O, Demokrat.az-a açıqlamasında deyib ki, suya axıdılan bəzi maddələr bir neçə kilometr sonra təmizlənir, amma bəziləri suları çox çirkləndirir:

“Bu maddələr tərkibini saxlayır, sudan çətinliklə təmizlənir. Ona görə də bu məsələdə diqqətli olmaq lazımdır. Sanitar gigiyenik normalara əməl edilməsi üçün obyektlərdə kommunikasiya xətlərini qaydasına salmaq lazımdır, bəzilərində kanalizasiya sistemi yoxdur. Obyektlərin adını çəkməklə məsələ həll olmur. Cərimə də çıxış yolu deyil. İnsanlar bu obyektlərdən pul qazanır, məşğulluq təmin olunur. Cərimə olunsa da bir müddət sonra yenə işlərinə əvvəlki qaydada davam edirlər. Çay sularını təmizləmək üçün müəyyən qurğular quraşdırılmalıdır. Filterlər quraşdırılmalıdır ki, suyun tərkibini təmizləsin. Bunlar da müasir texnologiyalardan istifadə etməklə başa gəlir. Təmizlənmədikdə çirkli sular yeraltı sulara qarışıb ehtiyat su mənbələrinin də çirklənməsinə gətirib çıxara bilər. 

Bəzi restoranlarda süni kömürdən istifadə olunur. Bunun yanması nəticəsində də atmosferə zərərli qazlar buraxılır. Çıxan tüstü həmçinin meşə massivinə də ziyan vurur. İcra orqanları bunun qarşısını almaq üçün tədbirlər görməlidir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top