Ailəvi restoranda sinəsi açıq gəzən ofisiant qətlə yetirildi — TƏFƏRRÜAT

HADİSƏ 30 apr 2024, 10:18
Lənkəranda 1992-ci il təvəllüdlü Seymur Bayramlı tanışı, 2003-cü il təvəllüdlü Tosif Nəsirovu öldürüb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Seymur kassir işlədiyi Lənkəran rayonunun Velədi kəndində yerləşən “Mandarin” restoranında ofisiant işləyən Tosifin 17 noyabr 2022-ci ildə restoran rəhbərliyi tərəfindən ona həvalə edilmiş səlahiyyətlərinə uyğun olaraq restoranda müəyyən edilmiş geyim və müştərilərə xidmət qaydalarında nöqsanlara yol verməsi, həmin qaydalara riayət edilməsinin zəruriliyi ilə əlaqədar yaxasından tutaraq dartıb. 

Tosifə kəskin formada irad bildirdikdən sonra aralarında yaranmış mübahisə və münaqişə zamanı ona söyüş söyməsinə görə işdən çıxdıqdan sonra “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə sonuncunun yazdığı mesajı görüb. 

Seymur mobil telefon vasitəsilə əlaqə saxlayaraq söyüş söyməsinə aydınlıq gətirməsi üçün Tosif Nəsirovun onunla görüşməsi barədə təklifi ilə razılaşıb. O, görüşəcəkləri yeri dəqiqləşdirmək məqsədilə bir neçə dəfə də mobil telefon əlaqəsi saxlayıb və həmin gün saat 23.50-də Lənkəran şəhəri, Füzuli küçəsində “Dördyol” adlanan ərazidə yerləşən qəbiristanlıqda, daha sonra həmin yerin yaxınlığındakı “Elit playstation klub”un qarşısında tanışları ilə birlikdə gəlib. 

Seymur Bayramlı Tosif Nəsirov ilə görüşərək yenidən təxminən 10-15 dəqiqə mübahisə və münaqişə edib. Tosif Nəsirovun ona yumruq və təpik zərbələri vurmasından sonra əlbəyaxa olarkən aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı noyabrın 18-də, gecə saat 00.05-də əvvəlcədən yaşadığı evdən götürdüyü bıçaqla ona xəsarətlər yetirib. Tosif aldığı xəsarətlərdən ölüb. 
Hadisəni törədən Seymurun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə özünü qismən təqsirli bilib. O bildirib ki, onun Tosif Nəsirovla münasibəti yaxşı olub, onunla əvvəllər mübahisəsi olmayıb: “Hadisədən 3-4 gün əvvəl Tosifin özünü müştərilərin yanında yaxşı aparmadığını görmüşəm. İşlədiyimiz yer ailə restoranı olduğundan onu başa salmışam və sonuncu məni başa düşüb. Hadisə günü restoranda müştərilər olub. Tosifin sinəsinin açıq olduğunu görüb bu barədə ona təkrar irad bildirdim. Tosif isə mənə aqressiv cavab verdi. Birlikdə restoranın həyətinə düşdük. Həyətdə onu ətraflı başa salıb işini davam etdirmək üçün yenidən yuxarı göndərdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddət sonra özü yuxarı qalxdıqda Tosifin fikirli halda olduğunu və yemək yemədiyini görüb: “Ürəyində dolandığı üçün onu yenidən yanıma çağırdım. Onunla söhbət edərək başa saldım. Bundan sonra Tosif yemək yeyərək çay içdi. İş vaxtı qurtardıqdan sonra birlikdə maşınla zarafatlaşa-zarafatlaşa evə gəldik. Yolda evlərinin yaxınlığında maşından düşüb evə getdi. Bir az keçəndən sonra Tosif mənə mesaj yazaraq görüşmək istədiyini bildirdi. Tosifə zəng etdim, nə məsələ olduğunu soruşdum. Tosif təkidlə mənimlə görüşmək istədiyini dedi, şəhərə gəlməyimi bildirdi. Ona gecə olduğu üçün məhəllədə taksi olmadığını, məhəllələrinə yaxın ərazidə olan “kürə” adlanan ərazidə yerləşən çayxanaya gəlməsini, onunla orada görüşə biləcəyimi dedim. Bir müddət sonra Tosif zəng edərək həmin yerin yaxınlığında olan qəbirstanlığa gəlməyimi dedi. Evdən çıxıb ayaqqabılarımı geyinəndə gözümə bıçaq sataşdı. Həmin bıçağı piyada gedəcəyimə görə yolda itləri qorxutmaq, özümü müdafiə etmək üçün lazım olar, deyə özüm ilə götürdüm. Sonra Tosifin dediyi yerə gələrək onunla görüşdüm. Orada Tosifdən başqa bir neçə nəfərin də olduğunu gördüm. Tosifə həmin şəxsləri nə üçün çağırdığını dedim. Həmin vaxt Tosif yaxamdan yapışaraq mənə başı ilə zərbə vurdu. Bu zaman arxadan da başıma zərbə dəydi. Zərbənin təsirindən başımdan qan axmağa başladı. Bundan sonra məni vurmağa başladılar. Mən yerə yıxıldım. Yerdən qalxdım, lakin həmin şəxslər məni vurmağa davam etdikləri üçün yenidən yıxıldım. İkinci dəfə yerdən qalxanda cibimdəki bıçaq yadıma düşdü. Bıçağı çıxarıb özümü qorumaq üçün sağa, sola hərəkət etdirdim. Birdən bıçağın kiməsə dəydiyini hiss etdim. Bıçaqla kimisə vurmaq fikrim olmayıb. Sonra onlardan ayrılıb başımdan qan gəldiyi üçün yıxıla-yıxıla evə gəldim. Evdə başıma yod vurdum, könüllü təslim olmaq üçün polisə getdim. Polis şöbəsinin qarşısında bir polis əməkdaşına yaxınlaşdım. Hadisəni ona danışdım və onunla birlikdə polis şöbəsinə daxil olaraq özümü könüllü təqdim etdim. Əməlimdən peşmanam”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Seymur 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top