32 yaşlı kişi arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 05 iyun 2025, 16:56
Abşeron rayonunda 1983-cü il təvəllüdlü Samir şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu Ləmana (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 15 iyun 2024-cü ildə baş verib. Lənkəran şəhər sakini Samir həmin gün saat 15 radələrində yaşadığı evdə qeyri-rəsmi ər-arvad münasibətində olan Ləmanla arasında onun mobil telefonda mərc oyunları, zərərçəkmiş şəxs
isə başqa şəxslə telefonla ünsiyyət saxlaması ilə bağlı irad bildirməsi səbəblərindən aralarında yaranmış narazılıqlarla əlaqədar mübahisə edib. 

Həmin mübahisə əsnasında arvadının üzərinə hücum  edib, qəsdən əvvəlcə onun baş nahiyyəsinə yumruqla, ardınca saçından əlləri ilətutaraq yerə yıxıb boğazından əlləri ilə sıxıb. Təpiklə ayaq nahiyyələrindən zərbələr vurub. 

Hadisəni törədən Samirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Ləmanla 2018-ci ildən qeyri-rəsmi ər-arvad münasibətində yaşayır və bu nigahdan 2022-ci il təvəllüdlü 1 qız övladı var:
“Bundan əvvəl 2009-cu ildən Lamiyyə ilə rəsmi qaydada ailə həyatı qurmuşam. Bu nigahdan 2010-cu il təvəllüdlü bir qız övladım var. Təxminən 3 ay əvvəl Ləmanın telefonunda başqa şəxslərlə yazışdığını gördüm və onunla mübahisələrimiz oldu. Mübahisə nəticəsində Ləmanı döyüb xəsarət yetirdiyim üçün Nəsimi Rayon Məhkəməsi məni cərimə etdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 15 iyun 2024-cü ildə saat 15 radələrində Ləmanla yaşadığı evdə olarkən aralarında mübahisə yaranıb: “Mübahisəyə səbəb yenə də Ləmanın tanımadığım kişi cinsi şəxslərlə mobil telefonda yazışması olub. Mən Ləmana yad şəxslərlə yazışmasına son verməsi üçün irad bildirdim. Buna görə yaşadığım evin mətbəxində söz mübahisəsi edən zaman Ləman ünvanıma nalayiq ifadə işlətsəm də, Ləmanı vurmamışam”. 

Zərərçəkmiş qismində ifadə verən Ləmanın sözlərinə görə, 2021-ci ilin noyabr ayından etibarən Samirlə qeyri-rəsmi ər-arvad münasibətində yaşayır və bu münasibətdən 2022-ci il təvəllüdlü bir qız övladı var: “Birlikdə olduğum dövrdə Samirlə münasibətim yaxşı olmayıb.

Aramızda sözlə mübahisələrimiz baş verib. Sonuncu dəfə hadisə günü saat 13 radələrində Samirlə aramızda yaşadığımız evdə mübahisə yarandı. Mübahisəyə səbəb Samirin mobil telefonunda mərc oyun oynaması və buna görə ona irad tutmağım olub. Mübahisə zamanı Samir yaşadığım evin mətbəxində yumruqla baş nahiyəmə vurdu. Mən evdən çölə çıxmaq istəyən zaman Samir saçımdan tutaraq yerə yıxdı, boğazımdan sıxdı və təpiklə ayaq nahiyəmdən vurdu. Həmin vaxt Samirin əlindən çıxdım və qaçaraq qonşuluqda yaşayan Mədinənin evinə getdim. Bir qədər sonra Samir arxamca Mədinənin evinə gəldi. Mən isə qorxumdan çölə çıxmadım. Sonra Samir oradan getdi. Mən də tez qaçaraq öz yaşadığım evə daxil oldum və qapını bağladım. Daha sonra telefonla Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edtdim və hadisə barədə məlumat verdim”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Samir 1 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. Ona əlavə olaraq 1400 manat məbləğində cərimə cəzası təyin edilib.

Qeyd edək ki, bundan əvvəldə arvadına xəsarət yetirdiyi üçün mühakimə olunub. O, ötən ilin əvvəllərində Nəsimi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham edilib.

Həmin ittihama görə, 28 avqust 2023-cü ildə Samir yaşadığı mənzilində qarşısında olan küçədəki arakəsmədə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Ləman ilə aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı yumruq zərbələri ilə onun sifət nahiyəsindən qəsdən zərbələr vuraraq ona xəsarətlər yetirib.

Samir həmin hadisədən 3 ay əvvəl Ləmandan şübhələnməyə başlayıb: “Çünki Ləmanın tanımadığım rəfiqəsi ilə tez-tez əlaqə saxlamasını, evdə olmadığım müddətdə məndən xəbərsiz görüşməsini hiss etdim. Bununla bağlı sakit formada onu dəfələrlə başa salmağa çalışdım ki, həmin rəfiqəsilə münasibətlərini kəssin. Ancaq Ləman bununla bağlı evdə mənimlə mübahisə edirdi. Onun anasına bu vəziyyətlə bağlı öz iradlarımı bildirsəm də, heç bir nəticəsi olmadı. Ləmanın ağıllanması üçün düşündüm ki, anasının yanında qalsa bəlkə səhvini anlayar. Buna görə də Ləmanın anasının yanına göndərdim. Anasının yanına gedəndən sonra Ləmanın məni aldatmağa dəfələrlə cəhd etməsini eşitdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 13.30-da Ləman ilə görüşmək üçün onun yaşadığı ünvanın yaxınlığına gedib: “Həmin vaxt Ləmanın evinin yanında avtomobildə bir oğlan ilə səmimi söhbət etdiyini və avtomobildən düşdüyünü gördüm. Həmin avtomobil dərhal oradan uzaqlaşdı. Mən əmin oldum ki, həmin şəxs taksi sürücüsü və ya Ləmanın qohumu deyil. Bu vaxt saat 13.35-də Ləmanın anasının evinin yaxınlığında dar arakəsmədə olarkən Ləmanın gördüm.Dərhal ona doğru yaxınlaşdım. Həmin vaxt orada ancaq ikimiz olmuşuq. Ləmandan həmin adamın kim olduğunu soruşdum. İlk öncə həyəcanlandı, daha sonra isə "yaxşı eləyirəm, kimlə istəyirəm danışaram, lap o tərəfə də keçərəm" ifadələrini işlətdi. Mən də əsəbiləşdim. Ləmana ailəmizi dağıtmamağı, 1 yaşlı qız övladımızın olduğunu deyəndə mənə qarşı nalayiq ifadələr işlətdi. Mən də əsəblərimi cilovlaya bilməyərək qəsdən onun sifət nahiyəsinə yumruq zərbəsi ilə vurdum və başqa heç nə etməmək üçün dərhal oradan uzaqlaşdım ki, sakitləşim, daha ağır hadisə baş verməsin”. 

Həmin dövrdə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Samir 1400 manat cərimə olunub. Abşeron Rayon Məhkəməsi yeni cinayət işi ilə bağlı Samirin barəsində olan əvvəlki hökmü birləşdirib, ona həbs olunmaqla yanaşı ümumilikdə 3500 manat cərimə təyin edib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top