Xankəndi və Xocalı məktəblərində tədrisə nə zaman başlanılacaq? — AÇIQLAMA

SOSİAL 17 apr 2024, 15:37
Elm və təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan “Sözümüz imzamızdır” verilişində deyib ki, bölgələrimizin bir çoxunda müasir məktəblər tikilir. 

O qeyd edib ki, hər il təxminən 60-80 məktəb tikilib istifadəyə verilir: 

“Düşünürəm ki, bu məktəblər uzunmüddətli qaydada həm regionlarda təhsilin keyfiyyətinin artmasına, həm də təhsil sahəsinin yaxşılaşmasına xidmət edəcək”. 

Nazir işğaldan azad edilmiş ərazilərdəki universitet və məktəblərdən də söz açıb: 

“Hazırda Xocalı şəhərindəki məktəbin işi tamamlanır, həm Malıbəyli kəndində, həm də Xankəndidə məktəb infrastrukturu ilə bağlı işlərimiz gedir. İşlər əhalinin köçürülməsinə görə aparılır. Bilirsiniz ki, Kərkicahan qəsəbəsinə köç planlaşdırılı”, E.Əmrullayev vurğulayıb. 


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov Demokrat.az-a açıqlamasında deyib ki, ölkədə məktəb infrastrukturunun yenilənməsi geniş vüsət alıb. 

Onun sözlərinə görə, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Yenilənən Azərbaycanda yeni məktəb” layihəsi təhsilə dəstək məqsədi daşıyan unikal layihələrdəndir: 

“Cənab Prezidentin təhsilə diqqət və qayğısı nəticəsində hər il onlarla yeni məktəb tikilir. Bu da təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir. Güclü infrastruktur keyfiyyətə birbaşa təsir edən faktordur. Müasir tədris avadanlıqları, laboratoriyalar, kitabxanalarla təchiz olunmuş məktəblərdə təhsil alan şagirdlər əlbəttə ki, dərslərində də uğur qazanacaqlar. 

Dərsdən əlavə dərnəklərin, məşğələlərin təşkil olunması da vacibdir, bunun üçün də məktəb lazımı tələblərə cavab verməlidir. Paytaxtın özündə belə hər yeni tikilən məktəb şagirdlər üçün yeni imkanlar deməkdir. Bu, təhsilin inkişafı və keyfiyyətli tədris üçün bir təkandır və etibarlı mühitdir. Bu mənada cənab nazirin fikirlərinə qatılıram. 

Dövlət siyasətində təhsil prioritet sahədir. Dövlətin təhsil siyasətində təhsil infrastrukturunun yaradılması, müasirləşdirilməsi savadlı, bilikli cəmiyyət və layiqli vətəndaş formalaşdırmaq istəyindən irəli gəlir”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top