“Kimin evinin bünövrəsi varsa bərpa olunur, Xocalıya da ilk onlar köçəcək” — FOTO

SOSİAL 15 apr 2024, 17:14
“Xocalıda bizim vaxtilə qaldığımız ərazidə sülhməramlılar nəsə tikiblər. Xocalı hava limanı istiqamətində yaşayırdıq. Bizim evlərimiz ümumiyyətlə qalmayıb. Gedəcək yerimiz yoxdur. Bir müddət əvvəl Xocalı Rayon İcra hakimiyyətindən zəng edib bu ərazidə bina evinin tikiləcəyini bildirdilər. Biz bina evi istəmədik, həyət evi istədik. Qoca vaxtımızda bina evində yaşamaq bizə çətin olar. Yurdumun hər qarışına qurban olum. Xocalıda bizim iki mərtəbəli həyət evimiz olub. Həyət evi olsa ora köçəcəyik, hələ həyət evi yoxdur. Kimin evinin bünövrəsi varsa ilk olaraq onlar köçəcək. Qardaşım da gedib gəlmişdi, bizim hələ köçürüləcəyimizə var, çünki hər şey sıfırdan başlamalıdır. Bizim üçün yeni ev tikilməlidir. Qismət olsun ki, o yerlərdə gedib qalaq”.
 
Bunu Moderator.az-a açıqlamasında Xocalı sakini Dürdanə Məmmədova deyib. O daha sonra çox çətin, şəraitsiz vəziyyətdə yaşadığını bildirib.
 
“32 il ərzində Bakıda Pirşağı qəsəbəsində 2 nömrəli Sovxozda məskunlaşmışıq. Çox pis şəraitdə yaşamışıq. 1 otağımız var idi, qabağını da özümüz üçün artırdıq ki, heç olmasa yeməyimizi orada yeyək. 32 ildir 1 otaqlı evdəyəm. Zülm-zillətlə yaşamışam. Hava gələn yer də yoxdur. Ömrüm-günümü, gəncliyimi o balaca otaqda başa vurmuşam. Hər kim ki, bizə kömək edir, dayaq durur, Allah dayağında dursun. Hazırda Mərdəkanda qohumgildə qalıram, müalicə alıram” deyə keçmiş Xocalı sakini bildirib.
 
Qeyd edək ki, Dürdanə Məmmədova Xocalıda sonuncu dəfə toyu olan gəlindir.




SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top