"Başıma bu cür faciə gəldi, reytinq yığdılar"

ŞOU-BİZNES 15 apr 2024, 18:30

"Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi gərək normasında edəsən. Məndə də elə bir xasiyyət var ki, bir insana yaxşılıq edəndə normadan artıq edirəm. Elə sənət dostlarım var ki, onları silmişəm. Onun üzünə deməyəcəyəm ki, sən niyə belə etdin? Amma həmin sənət yoldaşlarım özləri çox gözəl bilirlər ki, mən onları nəzərdə tuturam. Aralarında xanım da var, kişi də”. 

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Space star"a müsahibəsində deyib. İfaçı sənətinin həm ona, həm də ailəsinə bədbəxtlik gətirdiyini açıqlayıb: 

“Allah mən Mətanəti bir daha bu dünyaya gətirsə, həyatım boyu bir də bu sənətə gəlmərəm. İstəmərəm ki, bir adam belə məni tanısın. Məşhur olmaqdan bu dünyada bədbəxt şey yoxdur. Sənətə görə özümü arıqlatdım. Düzdür, sağlamlığıma da ziyan idi, nəfəs ala, səhnədə tərpənə bilmirdim. Buradan söyülürlər, digər tərəfdən çıxıb gülürlər. Axı, bu nə sənətdir? Mənim kimi adama nə şərlər, böhtanlar atıldı. Bakı balaca şəhərdir. Hamı bir-birini tanıyır. Kim reytinqə, kim paxıllığa görə bunları edir. Başıma bu cür faciə gəldi, onlar isə bunu öz reytinqinə görə istifadə etdilər. Günahım bu oldu ki, bu sənətə gəldim və məşhur oldum. Kaş, gəlməzdim. Kaş, məşhur olmazdım.

Mən cəhənnəmə, övladlarım bundan əziyyət çəkdilər. Onlara əl atdılar. Gəlib hiylə ilə evimə girdilər. Mən də saf və təmiz insan, hamıya inanmışam. Yaşadıqlarımdan sonra bütün insanlara qarşı inamım itdi. Allahdan başqa heç kimə inanmıram. Məşhur olmayan insanlara həsəd aparıram. Nə onlara şər, nə də böhtan atan var. Deyirəm ki, boynum sınardı, niyə gəldim bu sənətə? Mənim qədər məşhurluqdan əziyyət çəkən yoxdur. Bu əziyyəti ən çox mən çəkirəm. Sakit yaşayan ailələrə həsəd aparıram. Mən də insanam, mən də rahat yaşamaq istəyirəm". 

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərimin həyat yoldaşı Canana ilə qalmaqallı şəkildə ayrılıb. Onların 3 övladı var və uşaqlar ataları ilə yaşayır. Kərimin yeni evliliyindən isə bir övladı var.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top