Azərbaycanlı eks-məmur 1,5 milyon krediti “göyə sovurdu” — İsveçrədə, Fransada, Almaniyada...

BİZNES 09 apr 2024, 15:25
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq sədri Rüfət Aslanlının harın həyat tərzi sürməsi ilə bağlı yeni faktlar üzə çıxıb. Belə ki, Rüfət Aslanlı “Muğan Bank” ASC-dən götürdüyü 1,5 milyon manatlıq kredit vəsaitini İsveçrənin, Fransanın, Almaniyanın bahalı yerlərində eninə-boluna xərcləyərək göyə sovurub. 

Demokrat.az
xəbər verir ki, bu barədə “Haqqın.az” saytı yazıb. 

Yazıda qeyd olunur ki, 2023-cü ilin sonunda müflis elan olunaraq, bağlanan Azərbaycanın ən qocaman banklarından biri olan “Muğan Bank”ın süqutunda Rüfət Aslanlının sözügedən bankdan götürdüyü milyonlarla kredit vəsaitlərinin qaytarılmaması da ciddi rol oynayıb:

“Rüfət Aslanlının banka olan kredit borcu ilə bağlı sənədlərə nəzər salanda təsadüfən dünyanın aparıcı paytaxtlarındakı məşhur butiklərdə, ticarət mərkəzlərində yüz minlərlə dolları havaya sovuran bir şəxsin xərclərinə rast gəldim. Banka milyon yarım manat borcu olan bu şəxs İngiltərə, İsveçrə, Almaniya, Fransa, Türkiyə və digər inkişaf etmiş ölkələrin dəbli mağazalarında kredit kartından külli miqdarda pul xərcləyib.

 2016-cı il oktyabrın 25-də Rüfət Aslanlı İsveçrədə Alp dağlarının ətəyində yerləşən dəbdəbəli turizm məkanında özünə bağ evi kirayələyib. Bu adam bir gündə istifadəsində olan “Muğan Bank”ın kredit kartından 17 956 manat pul xərcləyib. Rüfət Aslanlının bədxərcliyi bununla bitmir. O, müflis olan “Muğan Bank”ın kartından Aralıq dənizi mətbəxi ilə zəngin olan “Sunset Grill & Bar” adlı dəbdəbəli İstanbul restoranında bir gecədə 8 min manata yaxın pul xərcləyib. Amma sabiq məmurun əyləncələri bununla da bitmir. Rüfət Aslanlı uzun müddətdir böhrandan əziyyət çəkən “Muğan Bank”ın kredit kartı ilə unudulmaz səyahətlərinə davam edir. Müflis olmuş bir bankın müştərisi 1 il sonra Alp dağlarında xizək kurortlarına qayıtmaq qərarına gəlir. Rüfət Aslanlı 2017-ci il yanvarın 5-də  İsveçrədə yerləşən “Michaud SA Verbier” nüfuzlu zərgərlik mağazasından 104 545 manatlıq alış-veriş edir. Təbii ki, o, bu alış-veriş də “Muğan Bank”ın kartından istifadə edir. Nə qədər fantastik görünsə də, ancaq Rüfət Aslanlının zinət əşyalarına olan həvəsini cilovlamaq onun üçün çətindir. Novruz bayramının qeyd edildiyi bir vaxtda “Muğan Bank”ın sevimli müştərisi Münhendəki zərgərlik butikindən 22 min 653 manatlıq zinət əşyaları alır.




Müştəri təkcə 6 ayda kredit kartında olan vəsaitin 873 min 23 manatını göyə sovurur. Ümumilikdə, bir il yarım ərzində 1,5 milyon manatı sağa-sola xərcləyir.

Daha sonra məqalədə qeyd olunur:

“Bəs bu şanslı müştəri kimdir? Bəh! Tanış simalar! Bu, Rüfət Aslanlıdır. Eynilə Azərbaycanın maliyyə bazarlarına nəzarət etməyə çağırılıb. Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş rəhbəri, korrupsiyaya qarşı mübarizənin baş məmuru və çoxdan əziyyət çəkən maliyyə sistemimizin əzizi!

Bəli, bəli, o, dövlət qulluğunda olarkən elit şərab istehsalı ilə məşğul olduğu üçün Qərbdə məşhurlaşan həmin bürokratdır. Fransanın cənub-qərbində Rüfət Aslanlının hələ də nəhəng əraziləri var”.



Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top