Əli Əsədov Albaniya Prezidenti ilə görüşdü

XARİCİ SİYASƏT 14 mar 2024, 16:07
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 14-də ölkəmizdə səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.

Nazirlər Kabinetindən Demokrat.az-a verilən xəbərə görə, görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, Albaniya Prezidentinin tədbirdə iştirakı yüksək qiymətləndirilib.

İki ölkə arasında münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə olunub. Azərbaycan və Albaniyanın beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq etdiyi vurğulanıb.

Azərbaycanın Albaniyada, Albaniyanın isə Azərbaycanda səfirliyinin açılması ilə bağlı verilən qərarlar ikitərəfli əlaqələrin yüksək səviyyəsinin təzahürü kimi dəyərləndirilib.

Cari ayın əvvəlində Albaniya baş nazirinin Azərbaycana səfəri çərçivəsində imzalanmış iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Sazişin ticarət-iqtisadi və investisiyaların təşviqi sahələrində əlaqələrin inkişafına təkan verəcəyinə ümidvarlıq ifadə olunub.

Enerji sahəsində əməkdaşlığın müsbət nəticələri və bu kontekstdə TAP layihəsinin əhəmiyyəti xüsusi vurğulanıb, Azərbaycan qazının Avropaya təchizatında Albaniyanın tranzit ölkə kimi rolu yüksək qiymətləndirilib.

Turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub.

Görüşdə iki ölkə arasında əlaqələrin qarşılıqlı maraq doğuran sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top