Qeyri-rəsmi yaşadığı qadını avtomobilində öldürdü — TƏFƏRRÜAT

KRİMİNAL 26 fev 2024, 13:35
Goranboy rayonunda 1974-cü il təvəllüdlü Atəş Əkbərov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı, 1976-cı il təvəllüdlü Sevinc Məmmədovanı qətlə yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Atəş 2000-ci ildən etibarən rəsmi nikah münasibətinə girmədən faktiki olaraq ər-arvad kimi birgə yaşadığı Sevinc ilə birlikdə 26 yanvar 2023-cü ildə, saat 13.30-da idarə etdiyi “LADA 21214” markalı avtomobillə Goranboy rayonu Baxçakürd kəndinin ərazisindən keçən torpaq yolla Samux şəhəri istiqamətində hərəkət ediblər. 

Bu zaman Sevinc gözəllik salonunda işləmək istəməsi,  rəsmi nikah münasibətinə girərək birlikdə Bakı şəhərinə köçməsi, orada yaşamaq istəməsi barədə tələblər irəli sürməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. 

Mübahisə zamanı Atəş həmin gün evdən çıxarkən yolda alacaqları meyvəni soymaq məqsədilə bıçaqla Sevincin döş qəfəsinə bir bıçaq zərbəsi endirib. 

Bundan sonra Atəş Sevincin həyatını xilas etmək üçün idarə etdiyi avtomobili saxlayıb və bıçağı onun döş qəfəsindən çıxararaq yerə sancıb. Sonra avtomobilin arxa oturacağının üzərində olan gödəkçəni qanaxmanın qarşısını almaq məqsədilə Sevincin döş qəfəsindəki yaranın üzərinə sıxıb. O, təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə avtomobili yüksək sürətlə idarə edib, daha yaxın yerləşən Samux rayon Mərkəzi Xəstəxanası istiqamətində hərəkətdə olarkən, qadın vəfat edib. 

Hadisəni törədən Atəşin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Atəş ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Samux rayonunda təsərrüfatla və avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olub: “Özüm rəsmi olaraq Ruhiyyə Məmmədova ilə evli olmuşam və üç övladım olub. Mən 1-ci Qarabağ müharibəsinin veteranı olmuşam. 1992-1997-ci illərədək müharibədə iştirak etmişəm. Müharibədə iştirak edən zaman başımdan aldığım travmalar səbəbindən məndə əsəb problemləri yaranıb. Buna görə müalicə almışam. Rəsmi ailəmdən başqa Sevinc Məmmədova ilə qeyri-rəsmi ər-arvad kimi təxminən 23 ildir yaşamışam. Bu münasibətdən mənim Muhəmməd adlı övladım dünyaya gəlib. Mən Sevinc və Muhəmmədlə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşamışıq. Həmin evi Sevinclə oğlum üçün almışam. Mənim Sevinclə qeyri-rəsmi yaşamağım həm öz ailəmə, həm də Sevincin ailəsinə məlum olub. Yəni bizim münasibətimiz heç vaxt gizli olmayıb. Çünki mənim Sevincə qarşı böyük sevgim olub. Bu sevgini hamı bilib”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, Sevinclə onun arasında hər ailədə olduğu kimi müxtəlif vaxtlarda bəzi məsələlərə görə mübahisələr yaranıb: “Bu mübahisələr əsasən Sevincin işləmək istəməsi, mənimlə Bakı şəhərinə köçmək tələbinin olması olub. Sevinc dəfələrlə mənə oğulumuz ilə birlikdə Bakı şəhərinə köçməyimizi təklif edib. Lakin digər ailə uşağıma görə belə bir addım ata bilməyəcəyimi demişəm. Sevincin fikirləri ilə razılaşmadıqca, sonuncu məndən ayrılmaq, özü işləyib pul qazanmaq fikrinə düşdü. Buna görə də aramızda mübahisələr yarandı. Hətta Sevinc bir dəfə bu aramızdakı mübahisəyə görə məndən ayrılaraq Bakı şəhərinə getdi”.

Atəş qeyd edib ki, daha sonra Sevinclə barışıb, Sevinci özü ilə yenidən Gəncə şəhərinə qaytarıb: “25 yanvar 2023-cü ildə gecəni Sevinclə birgə yaşadığımız evdə oldum. Yanvarın 26-da, səhər saatlarında oğlum Muhəmmədi təhsil aldığı Gəncə şəhəri, 36 saylı məktəbə apardım. Bir qədər sonra Muhəmməd yenidən mənə zəng edərək dərsinin olmadığını bildirdi. Yenidən məktəbə geri qayıtdım və Muhəmmədi götürdüm. Muhəmmədlə birgə Samux rayonunda işlətdiyim avtomobil ehtiyyat hissələrinin satışı mağazasına gəldim. Orada bir qədər işlər gördükdən sonra “Niva” markalı avtomobilimi götürərək Muhəmmədlə birlikdə evə gəldim. Sevinc də həmin vaxt evdə olub. Sevincin bir neçə gün öncə Mingəçevir şəhərində balıq yemək istəyini bildirdiyinə görə birlikdə həm balıq yemək, həm də istirahət etmək üçün Mingəçevir şəhərinə getmək üçün evdən saat 13 radələrində yola çıxdıq. Evdən çıxan zaman Sevinc evdən mürəbbə və yolda meyvə alıb soymaq üçün mətbəxdəki bıçağı götürdü. Biz yolda meyvə almağı planladıq. Maşına oturan kimi Sevinc mürəbbələri avtomobilin arxa oturacağının üzərinə, bıçağı isə avtomobilin sürətlər qutusunun yanına qoydu. Sevinc isə özü avtomobilin ön sərnişin oturacağında əyləşdi. Avtomobillə Mingəçevir şəhəri istiqamətində hərəkətdə olduq. Yolda bir-birimiz ilə deyib gülmüşük, gələcək planlarından danışmışıq. Maşında başqa heç kim olmayıb”. 

Atəşin sözlərinə görə, yolda olan zaman Sevinc ondan ilk öncə anasının yaşadığı evə, anası ilə görüşdükdən sonra isə Mingəçevirə getməyi xahiş edib: “Mən də bu fikrə etiraz etmədim. Gəncə şəhərinə daha tez çatmaq üçün Dəliməmmədli şəhərindən Baxçakürd kəndi istiqamətinə getdik. Orada əkin sahələrinin arasından gedən torpaq yolla üzü Samux rayonu, Əhmədbəyli kəndi istiqamətində hərəkətdə olduq. Yolda hərəkətdə olarkən Sevinc yenə də işləmək və Bakı şəhərinə köçmək barədə əsəbi formada fikirlər söyləməyə başladı. Mən də Sevincə digər ailəm və uşaqlarım olduğunu, işlərimin Samuxda olduğunu, buna görə Bakı şəhərinə köçə bilməyəcəyimi dedim. Lakin Sevinc yenə də fikirlərini təkrarən bildirdi. O, işləmək istəməyini və Bakı şəhərinə köçmək niyyətinin olduğunu israrla söylədi. Sevincin fikri ilə razılaşmadıqca, Sevinc daha çox üzərimə gəlməyə, məni razı salmağa çalışdı. Bu zaman əsəblərimi cilovlaya bilmədim və Baxçakürd kəndi ərazisində torpaq sahəsində olan zaman Sevincin evdən götürüb maşının sürətlər qutusunun yanında qoyduğu mətbəx bıçağını sağ əlimə aldım. Avtomobili idarə edə-edə bıçağı Sevincə tərəf göstərərək onu qorxutmaq istədim ki, Sevinc sussun. Mənim gözüm və fikrim yolda olub”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Sevinc onunla daha da kobud danışmağa və üzərinə qışqırmağa başlayıb: “Həmin anda əsəblərim daha da pozuldu və sağ əlimdəki bıçaqla Sevincə dəqiq görmədiyim istiqamətdə sol nahiyəsinə bir dəfə zərbə yetirdim. Zərbədən sonra Sevinc “nə etdin Atəş” deyərək qışqırdı. Bundan sonra dərhal avtomobili saxladım və avtomobildən düşüb Sevincə tərəf qaçdım. Mən vurduğum bıçaq zərbəsinin Sevincin sinə nahiyəsinə sancıldığını gördüm. Dərhal Sevincin sinəsinə vurduğum bıçağı çıxartdım. Avtomobili saxladığım yerdə torpağa sancdım. Bundan sonra  Sevincdən gələn qanı dayandırmaq üçün ona tibbi yardım etməyə başladım. Avtomobilin arxa oturacağında olan gödəkçəmi Sevincin sinəsindən qan gələn nahiyəsinə sıxdım, gələn qanı dayandırmağa çalışdım. Qanın dayanmadığını gördükdə, dərhal sükan arxasına əyləşdim və Sevinci xətəxanaya çatdırmaq üçün yola davam etdim. Olduğumuz əraziyə daha yaxın Samux rayon xəstəxanası olduğu üçün avtomobili torpaq yolla maksimum sürətlə Samux rayonu istiqamətində idarə etdim. Sevinc həmin vaxt özündə olub. Mən ona “darıxma xəstəxanaya çatdıracam” demişəm. Bir qədər sonra Samux rayonuna çatdım və xəstəxanaya tərəf avtomobilimi sürdüm. Təxminən Sevincə bıçaq xəsarəti yetirdikdən sonra yarım saat avtomobildə hərəkətdə olmuşam. Samux rayonunda olarkən birdən Sevinc tərəfə baxanda, onu səsləyəndə artıq sonuncunun səs vermədiyini və hərəkət etmədiyini gördüm. Sevincin öldüyünü başa düşdüm. Bundan sonra özümü daha da itirdim və nə edəcəyimi bilmədim. Xəstəxananın yaxınlığında olan Samux rayon polis şöbəsinə avtomobili sürdüm. Həmin vaxt polis şöbəsinin girişində postda xidmət aparan polis əməkdaşına yaxınlaşıb, törətdiyim əməl barədə məlumat verdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra yenidən avtomobilin sağ qapısına yaxınlaşıb, qapını açıb və Sevinci qucaqlayaraq ağlamağa başlayıb: “Bir neçə dəqiqə Sevinci qucaqladıqdan sonra polis əməkdaşları məni Sevincdən ayırdılar. Mən Sevinci çox sevən biri olmuşam. Bizim sevgimiz hamıya məlum olub. Buna görə də bizim münasibətlərimiz təxminən 23 il davam etdi. Sevinclə aramızda yaranmış sözlü mübahisənin belə nəticələnməyini heç istəməmişəm. Lakin bu hadisə  istəmədən baş verib. Sevinci sadəcə qorxutmaq və cəzalandırmaq istəmişəm. Lakin Sevinc əlimdə bıçaq ola-ola mənə yenə də yüksək səslə kobud cavablar qaytardıqca, əsəblərim pozulub. Sevinci bıçaqla vurdum ki, ciddiyətimi başa düşsün. Lakin bıçaq zərbəsini Sevinci öldürmək niyyəti ilə vurmamışam. Mən bir bıçaq zərbəsinin Sevincin ölümünə səbəb olacağını düşünməmişəm. Əməlimdən çox peşman olmuşam”. 

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Atəş 9 il müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan Atəş Əkbərov apellyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edib ona yüngül cəza təyin edilməsini xahiş edib. 
Atəş Əkbərovun şikayəti araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onun şikayəti təmin olunmayıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top