Qətərdə Azərbaycan Mədəniyyət Günləri başa çatdı

XARİCİ SİYASƏT 25 fev 2024, 12:30
Qətərdə Azərbaycan Mədəniyyət Günləri başa çatıb. 

“Qafqazinfo” xəbər verir ki, mədəniyyət günləri çərçivəsində Dövlət Rəqs Ansamblı Doha şəhərinin sakinləri qarşısında çıxışlar ediblər.

Konsert proqramı çərçivəsində tamaşaçılara "Qazağı", "Toy rəqsi", "Sarı gəlin" və bir çox başqa xalq rəqsləri təqdim olunub. 

Xalq artisti, Dövlət rəqs ansamblının bədii rəhbəri Rüfət Xəlilzadə baş tutan konsertlə bağlı təəssüratını saytımızla bölüşüb. O bildirib ki, təqdim olunan rəqslər Doha tamaşaçılarında xoş təəssüratlar yaradıb:

"Azərbaycan mədəniyyətinin ən tanınmış, ən görkəmli, ən istedadlı ansambl və qrupları ilə birlikdə ölkəmizi Qətərdə təmsil etmək çox qürurverici haldır. Hər birimiz əlimizdən gələni ən yüksək səviyyədə etməyə çalışdıq. Biz çalışdıq ki, musiqimiz, rəqslərimiz, mədəniyyətimiz Doha tamaşaçılarının yaddaşında qalsın. Milli rəqsimiz bizim mədəniyyətimizi, adət-ənənələrimizi özündə əks etdirir. Burada mədəniyyət günlərinin keçirilməsinə başlanılan gündən etibarən rəqslərimizlə mədəniyyətimizi tamaşaçılara ötürməyə çalışdıq. Bizim proqramımız çox geniş idi. Lakin ən seçilmiş rəqsləri bir saat ərzində təqdim etdik. Bizim uşaqların hər biri bir əsgər kimi səhnədə mədəniyyətimizin keşiyində durdu". 

Qeyd edək ki, Qətərdə Azərbaycan Mədəniyyət Günləri fevral ayının 21-24-ü tarixlərində baş tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top