Xəzərdə ard-arda təkanlar — Böyük zəlzələ olacaq?

MÜSAHİBƏ 20 fev 2024, 09:55
Fevralın 17-də Xəzər dənizində gün ərzində üç dəfə ard-arda zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. 

Birinci dəfə zəlzələnin gücü 3.4, ikinci dəfə 3.2, üçüncü dəfə isə 3,3 maqnitudada olub. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Bəs ard-arda zəlzələlər böyük təkanlarınmı xəbərçisidir? İndiyədək belə hallar olubmu? Qeyd etmək yerinə düşər ki, 2024-cü ildə güclü və hiss olunan zəlzələlərin baş verəcəyi barədə proqnozlar verilir. Seysmoloqlar Azərbaycanda və dünyada mövcud olan seysmoaktiv regionlar, ərazilər, eləcə də bir neçə illər aktiv olmayan seysmik ocaqların ayılacağını bildirirlər. Hətta vulkanların da püskürəcəyini deyirlər.

Mövzu ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli "Yeni Müsavat”ın əməkdaşının bu və digər suallarını cavablandırıb.

- Qurban müəllim, Xəzərdə bundan əvvəl də zəlzələlər baş vermişdi. Bu ay da ard-arda zəlzələlər oldu, bu, böyük təkanlarınmı xəbərçisidir?

- Biz üç təkanın məlumatını verdik. Onların da maqnitudası 3-dən yuxarıdır. Biz bu məlumatları üzv olduğumuz beynəlxalq qurumlara da ötürürük. Sutka ərzində Xəzərdə qırılma boyu 3-dən əlavə 11 təkan olub. Onlar da zəif olduğuna görə (1.2, 0.8 ) o demək deyil ki, güclü zəlzələ törətsin. Əksinə, xırda parçalanma gedir, enerji boşalması kifayət qədər ayrılır, bu ona dəlalət edir ki, dağıdıcı zəlzələ ehtimalı yoxdur. Zəif təkanlar həmişə var. Respublika ərazisində bir sutka ərzində 17-dən bu gün səhərə (red:19 fevral) kimi respublika ərazisində 53 təkan olub. Onun 11-i Xəzərdə, Gəncədə, Talış 6-7, Şamaxı zonasında baş verib. Maqnitudası ikidən yuxarı deyil. Bu o demək deyil ki, Xəzərdə, yaxud hansısa bölgədə seysmogen bölgədə güclü, dağıdıcı olsun. İl boyu hiss olunan zəlzələlər barədə də məlumat veririk. Respublika ərazisi üçün yaxın zamanlarda güclü zəlzələ ehtimalı yoxdur. 

- Həm yerli, həm də xarici seysmoloqlar 2024-cü ili zəlzələ ili adlandırırlar. Dünyada və Azərbaycanda güclü zəlzələlərin olacağı qaçılmazdır...  

 - Respublika ərazisində tək seysmologiya sahəsində, ayrı istiqamətlər üzrə araşdırmaları kompleks şəkildə aparırıq. Bunu Respublika Seysmologiya Mərkəzi aparır. Kim nə deyirsə, fala baxan kimi danışır. Olacaq deyirlər. Hansı tədqiqatın nəticəsinə əsasən deyirlər, bunu əsaslandırsınlar. Olanda deyəcəklər filankəs demişdi, olmayanda yada düşməyəcək. Xahiş edirəm, elə şayiələrə inanmaq lazım deyil. Ötən il türkiyəli alim deyirdi ki, İstanbulda güclü dağıdıcı zəlzələ olacaq. İstanbulu tərk edirəm, deyirdi. Üstündən bir il keçdi. İstanbulun 20 milyonluq əhalisi çamadanını götürüb harada oturmalıydı?! 

- Qurban müəllim, amma demək olmaz ki, proqnozlar tam özünü doğrultmadı. Elə 2024-cü il daxil olar-olmaz Yaponiyada və ona yaxın ölkədə dağıdıcı zəlzələlər baş verdi, xeyli insan həyatını itirdi...

-  Çox gözəl buyurdunuz. Yaponiya zəlzələlər ölkəsidir. Yaponiya seysmologiya sahəsində inkişaf etmiş ölkədir. Çünki zəlzələlər ölkəsi olduğuna görə təcrübəsi də çoxdur. Mən demirəm ki, dünyanın heç bir ölkəsində qısamüddətli proqnozlar yoxdur. Amma əgər onlar bilirdisə, heç olmasa bir həftə qabaq xəbərdarlıq edərdilər ki, dəniz kənarından maşınları yığışdırın, sunami aparacaq. Heç olmasa bunu deyərdilər. Sahildə olan bütün nə vardısa, hamısı okeana töküldü. 

- Sunamilərdən söz düşmüşkən, son dövrlər hiss olunan (4-5 bal gücündə) zəlzələlərin əksəriyyəti  əsasən Xəzərdə müşahidə edilib. Ümumiyyətlə, yeraltı təkanların çoxalması səbəbindən Xəzərin daxilində dəyişikliklərin baş verdiyi deyilir. Bu, nə dərəcədə təhlükəlidir? Eyni zamanda bu amil  Xəzərdə sunami olması ehtimalını artırırmı? 

- Ümumiyyətlə, Xəzər dənizində potensial gücə malik zəlzələ ocaqları var. Xəzərin cənubundan tutmuş, düz onun şimalına qədər. Oradan qırılmalar keçir, Maxaçkala-Krasnovodsda (Türkmənbaşı) bu qırılmalar var, onlar aktivdir, bundan başqa Böyük Qafqazda da qırılmalar var, bunların hamısı aktivdir. Xəzərdə potensial gücə malik zəlzələ ocaqları var. Çox uzağa getməyək. 2000-ci ildə 6.2 maqnitudalı zəlzələ zamanı sahil yanı yaşayış məntəqəsində sunami xarakterli nə isə əmələ gətirdimi, yaxud dalğa oldumu? Əksinə. Proqnoz verilir ki, dənizdə küləyin təsirindən dalğanın hündürlüyü 4 metrə çatacaq. Sahilqırağı dalğaları da müşahidə edirik. Xəzər qapalı bir hövzə olduğuna görə  sunami olma ehtimalı yoxdur. Yaponiya və güclü zəlzələ olan ölkələr ki var, orada sunaminin yaranması mümkündür. Amma Xəzərdə sunami heç vaxt ola bilməz. Biz o vaxt rusiyalı alimlərlə araşdırma aparmışdıq, onda aydın oldu ki, zəlzələnin yaratdığı dalğa maksimum 50-70 santimetr ola bilər. Ancaq burada  küləyin təsirindən 10 metrə kimi dalğa əmələ gəlir. Onun da heç bir təsiri olmur ki, sahil boyu əraziləri yuyub aparsın. 

- Bəlkə sizin də nə vaxtsa yolunuz düşüb, Novxanıdan Sumqayıta gedən yolda, dənizlə üzbəüz ərazidə yeni çoxmərtəbəli evlər tikilir. Nəzərə alsaq ki, zaman-zaman dənizdə qabarma-çəkilmələr olur. Gələcəkdə bu binaların suyun altında qalma ehtimalı nə dərəcədə realdır?  

- Bilirsiniz, riskin hesablanması tamam başqa məsələdir. Düzdür, hazırda Xəzərdə çəkilmə gedir. Yəni suyun səviyyəsi aşağı düşür. Yadınıza gəlirsə, müəyyən dövrdə metrə yarımdan çox qalxmışdı. İndi nə qədər düşüb, deyə bilməyəcəyəm, çünki dəyişmələrlə biz məşğul deyilik. Xəzərin səviyyəsinin ölçmələrini başqa qurum həyata keçirir. Amma o, suyun artımı deyil, Xəzərin dibində gedən geodinamik prosesdir. Onun dibinin qalxmasıdır. O vaxt sahilyanı yaşayış məntəqələri, restoranlar var idi, onları dəniz suyu yuyub aparmışdı, yalnız dirəkləri qalmışdı. Yəni bu o demək deyil ki, su çəkilib, Xəzərə doğru irəliləməliyəm. Su axan yerdən bir də axır.  Xəzərin dibində gedən seysmotektonik proseslər var, qalxması, dibinin çökməsi var. Bundan başqa, Xəzərə tökülən suları da nəzərə almaq lazımdır ki, o çayların bəziləri məcralarını dəyişiblər, qarşısını kəsiblər. Ən çox Volqa hesabına Xəzərə su gəlir. Bunlar hamısı nəzərə alınmalıdır. O demək deyil ki, iyirmi ildə heç nə olmayıb, bundan da sonra heç nə olmayacaq. Bəli, ehtiyat etmək lazımdır, suyun içində ev tikilməsinin tərəfdarı deyiləm. Dənizdən 5-10 metr kənarda restoran açmaq da doğru deyil. Yadımdadır ki, Ulu öndər sərəncam vermişdi ki, dənizdən 150 metr kənarda olsun bütün tikililər. Bunlara əməl edilməlidir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top