Startap rəhbəri: Bizim həllimiz COP29–un hədəfləri ilə üst-üstə düşür — MÜSAHİBƏ

COP29 17 fev 2024, 17:31
Ətraf mühitin qorunması fərdi məsuliyyət kimi hamımızın diqqət mərkəzində olan anlayışlardan biridir.

Lakin ətraf mühiti qorumaq istəyiriksə bəzən sahib olduğumuz bəzi şeylərdən imtina etməliyik. Məsələn, imtina etdiyimiz ən böyük nümunələrdən biri daxili yanma mühərrikli avtomobillərdir. Lakin daxili yanma mühərrikli avtomobillər qədər böyük olmayan, avtomobillərdən isə qatbaqat çox olan başqa nümunələr də mövcuddur. Söhbət “Recepta” startapının da əsas mahiyyətini formalaşdıran qəbzlərdən, yəni “çeklərdən” gedir. Kassa çeklərinin rəqəmsallaşmasına görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Recepta” MMC-yə sahibkarlara vergi güzəştləri verən “Startap” şəhadətnaməsi verib. MMC-nin rəhbəri Fuad Heydərli şirkətin fəaliyyəti barədə AZƏRTAC-a müsahibə verib.

-Fuad bəy, əvvəlcə rəhbərlik etdiyiniz şirkətin fəaliyyət istiqaməti ilə bağlı məlumat verərdiniz. Startapın məqsədi nədən ibarətdir?

-“Recepta” hər bir alışda bütün kart əməliyyatları üçün rəqəmsal qəbzlərin yaradılması və yığılmasını avtomatlaşdıran, kağız qəbzlərə ehtiyacı aradan qaldıran rəqəmsal qəbz idarəetmə tətbiqidir. “Recepta”nın əsas məqsədi kağız qəbzlərin istifadəsini aradan qaldırmaq və kağız israfına son qoymaqdır. Bunun üçün də patentini əldə etdiyimiz bu üsulla, müştəridən heç bir məlumat və yaxud əməliyyat tələb etmədən, heç bir yerdə tətbiq olunmayan bir üsulla müştərilərə qəbzlərini təqdim edirik. Həmçinin digər əsas məqsədimiz insanları qəbzlərə bir toxunuş qədər yaxın etməkdir.

-Bəs bu sahəyə gəlişiniz necə baş verdi? Belə bir təşəbbüsə sizi ilhamlandıran nə oldu?

-Bildiyiniz kimi, layihənin əsas təsisçiləri ABŞ və Kanadada yaşayır və orada qəbzlər çox uzun ölçüdə olur. Bu qəbzlər onların diqqətini cəlb etdikdən sonra, qəbzlərə sərf olunan kağız israfını azaltmaq və ətraf mühitin qorunması üçün bu layihənin hazırlanmasına qərar veriblər. Məlum olduğu kimi, kağız qəbzlər termal kağızlardan hazırlandığı üçün yenidən emalı mümkün deyil. Araşdırmalarımız nəticəsində kağız qəbzləri əvəz edəcək bir platforma yaratmağa qərar verdik. Bunun üçün bütün qəbzləri bir arada saxlayan və müştərilərə xərcləri haqqında analitika təqdim edən “Recepta” platformasını yaratdıq.

-Hazırladığınız startap nə qədər investisiya alıb və bu məbləğlə hansı işlər görülüb?

-Startapımız 1 milyon manatdan çox investisiya əldə edib. Başladığımız müddətdən bu günə qədər bir çox beynəlxalq və yerli mükafatlara layiq görülüb. Azərbaycanda keçirilən “Teknofest Azərbaycan”ın 2022-ci ildə qalibi olub. “Visa İnnovation” proqramına qəbul olan ilk azərbaycanlı startapdır. Ölkəmizdə Dövlət Vergi Xidməti ilə birlikdə kağız qəbzləri alternativ olaraq rəqəmsal qəbzlərlə təqdim etmək üçün əməkdaşlıq edirik. ABŞ, Kanada və Meksikada bu həll yolundan istifadə üçün “İngenico”, “Clover” və “Pax” şirkəti ilə də əməkdaşlıq əlaqələri qurulub. Startapın əsas məqsədi investisiya ilə müxtəlif ölkələrə genişlənmək və Azərbaycanda mobil tətbiq ilə rəqəmsal qəbz almağı asanlaşdırmaq olacaq. Layihəmizin ilk investoru və dəstəkçisi atam - Eldar Heydərov olub və sonrakı mərhələdə ilk olaraq “Pasha Holding”dən investisiya əldə etmişik. Hal–hazırda şirkətin müxtəlif ölkələrdəki fəaliyyətini artırmaq üçün daha böyük investisiya fondu açmağa hazırlaşırıq.

-Bildiyiniz kimi, bu il Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 keçiriləcək. Bu addımın COP29-un hansı hədəfinə xidmət etdiyini düşünürsünüz?

-Bu layihənin Azərbaycanda keçirilməsi çox böyük uğurdur. Biz bu həllimiz vasitəsilə ağacların kəsilməsi və iqlim dəyişikliyinə səbəb olan digər amillərin minimum həddə endirilməsinə köməklik göstəririk. Belə ki, kağız qəbzlərin hazırlanması üçün dünyada illik 180 milyon ağac məhv edilir. Bu, yalnız ağac israfı ilə bitmir, həm də CO2 - karbon emissiyası, milyonlarla ton neft və su məhsulları israfı deməkdir. Nəzərə alsaq ki, kağız qəbzlər termal kağızlardan hazırlandığı üçün yenidən emal olunmur, bu cəhətdən bizim həllimiz COP29–un hədəfləri ilə üst-üstə düşür. İnanırıq ki, COP29 və bizim layihəmiz bu sahədə ölkəmizə faydalı olacaq. Həmçinin bildirmək istəyirəm ki, layihəmizin Müşahidə Şurasının üzvlərindən olan Samir Süleymanov ötən il Dubay şəhərində keçirilən COP28-də rəhbər vəzifəsində çalışıb və “Recepta”da strategiya və ətraf mühitlə bağlı zəngin təcrübələrini bölüşür.

-Ətraf mühitin qorunması üçün sizcə başqa nə kimi addımlar atılmalıdır?

-Düşünürük ki, insanların fəaliyyətini daha çox yaşıl enerji ilə çalışan mexanizmlərə istiqamətləndirmək lazımdır. Bura elektrik maşınları, insanların daha çox günəş enerjisi ilə işləyən panellərdən istifadəsi və rəqəmsal platformadan istifadələr daxildir. Biz isə öz növbəmizdə kağız qəbzlərə sərf olunan ağac qədər ağac əkməyi düşünürük. Bu istiqamətdə İDEA ictimai birliyi ilə əməkdaşlıq etmək üçün danışıqlar aparırıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top