Milli-mənəvi dəyərlərə sadiq gənclik

DAXİLİ SİYASƏT 16 fev 2024, 11:26
Dövlət gənclər siyasəti prioritet istiqamətlərdən biridir

Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərə sahibdir. Milli-mənəvi dəyərlərimizin xalqımızın formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Milli-mənəvi, o cümlədən dini dəyərlərimizin, adət-ənənələrimizin dərindən öyrənilməsi və araşdırılması müasir cəmiyyətimizin prioritet istiqamətlərindən biridir. Tarixi təcrübə göstərir ki, öz soykökündən, tarixindən, milli-mənəvi dəyərlərindən uzaq düşən millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmaq, tarix səhnəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalmışlar.

Milli-mənəvi dəyərlər deyərkən, milli ideologiya, mənəvi yaddaş, milli tarix, milli dil, ənənəvi dini dəyərlər, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə sistemi, dahi şəxsiyyətlərimiz, milli musiqimiz və s. başa düşülür. Bir sözlə, milli və mənəvi olan bütün nailiyyət və keyfiyyətlərimiz milli-mənəvi dəyərlər sisteminə aiddir. Müstəqil Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və daha da zənginləşdirilməsi siyasətinin, hər cəhətdən nümunəvi olan dövlət-din münasibətlərinin əsası isə xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə həmçinin xalqın milli-mənəvi və dini dəyərlərinin qorunub saxlanılmasına, daha da zənginləşdirilməsinə, respublikamızda tolerantlıq ənənələrinin möhkəmlənməsinə böyük həssaslıqla yanaşırdı. Onun parlaq fəaliyyəti, əməllərində təcəssüm etdirdiyi azərbaycançılıq fəlsəfəsi xalqımızın milli kimliyini qoruyub saxlamasında müstəsna rol oynayıb.

Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Burada mühüm amillərdən biri Azərbaycan gəncliyinin milli ruhda, milli dəyərlərimizə sadiq toplum olaraq yetişdirilməsidir. Bu istiqamətdə də pozitiv nəticələr əldə edilib. Bütövlükdə, gənclər siyasəti Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsas məqsədi gənclərin hərtərəfli inkişafını təmin etmək, onları yüksək vətənpərvərlik ruhunda formalaşdırmaq, layiqli vətəndaş kimi yetişdirməkdən ibarətdir. Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. Bu gün gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salıb, gənclərin dövlət idarəçiliyində, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu baxımdan, Prezident İlham Əliyevin gənclərlə iş sahəsində həyata keçirdiyi tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş gənclər siyasətinin uğurlu davamı kimi cəmiyyət tərəfindən təqdir edilir.

Əlbəttə ki, milli-mənəvi dəyərlərə sadiq gənc nəslin yetişdirilməsi hər zaman diqqət mərkəzində olmalıdır. Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində bildirib ki, biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın. Doğrudur, qloballaşma şəraitində müəyyən beynəlxalq güclər tərəfindən milli dövlətlərə zərərli “dəyərlər” ixrac edilir ki, bu da xalqların milli kimliyinin, dəyərlərinin, adət-ənənələrinin məhv edilməsinə hesablanıb. Azərbaycan da məhz həmin güclərin hədəfində həmişə olub. Sevindirici haldır ki, gənclərimiz xaricdən gələn sözügedən “dəyərlərə” uymur, milli ruhda böyüyürlər. Buna nümunə olaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gənclərimizin  böyük şücaətini göstərmək olar. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin, monolit birliyinin təntənəsi oldu. Azərbaycan gəncləri Vətən müharibəsindən şərəflə çıxdılar,  Prezident İlham Əliyevin gözləntilərini layiqincə doğrultdular. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü. 44 günlük müharibədə Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanların böyük əksəriyyətini də məhz gənclər təşkil etdi.

Dövlətimizin başçısı sözügedən çıxışında onu da  deyib ki, gənclərin milli dəyərlərə sadiqlik ruhunda yetişməsində ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır: “Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir”. Həqiqətən də, bu gün Azərbaycandakı ailə institutu dünya üçün nümunədir. Sağlam ailə milli dəyərlər sistemində çox önəmli yer tutur. Bu baxımdan, milli mənəvi dəyərlərə sadiq gənc nəslin yetişdirilməsi üçün sağlam ailə institutu daim qorunmalıdır. (yeniazerbaycan.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top