Sumqayıtda 47 yaşlı kişi 82 yaşlı həmcinsini öldürdü — MƏHKƏMƏ

KRİMİNAL 14 fev 2024, 16:30
Sumqayıt şəhərində 82 yaşlı kişini  qətlə yetirməkdə ittiham olunan 47 yaşlı Samir Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Demokrat.az xəbər verir ki, taxta ustası olan Samir Abbasov Nadir Rzayevin tikdirdiyi fərdi yaşayış evində mərtəbələrarası pilləkən hazırlanması sifarişini götürüb və işə başlayıb. 

Lakin tərəflər arasında ödənişlə bağlı bir neçə dəfə mübahisə yaranıb. Ötən il avqustun 17-də usta ilə ev sahibi arasında yenidən narazılıq baş verib. Samir Abbasov 81 yaşlı ev sahibinin başından taxta parçası ilə zərbə endirib. Ev sahibi müvazinətini itirərək yerə yıxılıb. Usta ahıl kişini köməksiz vəziyyətdə qoyaraq qapını kilidləyib və hadisə yerindən uzaqlaşıb. 

Ertəsi gün onun  ölüb-ölmədihyini müəyyənləşdirmək üçün yenidən həmin ünvana gəlib. O, ev sahibinin öldüyünü görüb cinayətin izini itirmək məqsədilə meyiti sürüyərək çölə çıxarıb, həyətdəki yardımçı tikilidə basdırıb. 

Mərhum N.Rzayevin yaxınlarının ondan xəbər ala bilməməsindən sonra polisə müraciət edilib. O, itkin şəxs kimi axtarılarkən evində usta tərəfindən öldürülməsi və həyətdə basdırılması məlum olub. Qətlə yetirildikdən təxminən 20 gün sonra N.Rzayevin basdırıldığı yer tapılıb.

Törətdiyi cinayət əməlinə görə, S.Abbasova qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Abbasov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top