Deputatlar öz dairələrində nə qədər səs ala bilib? — Maraqlı rəqəmlər

DAXİLİ SİYASƏT 09 fev 2024, 10:10
Fevralın 7-də keçirilən prezident seçkilərində Milli Məclisin 4 deputatı da namizəd olaraq iştirak edib.

Demokrat.az bildirir ki, səsvermənin nəticələrinə görə həmin deputatlardan Zahid Oruc - 2,17 faiz, Fazil Mustafa – 1,98 faiz, Qüdrət Həsənquliyev - 1,72 faiz, Razi Nurullayev - 0,80 faiz səs ala biliblər.

Maraqlı odur ki, adçəkilən deputatlar öz seçiciləri tərəfindən də dəstəklənməyiblər. Onlar bəzi hallarda deputatı olduqları seçki dairələrində nəinki İlham Əliyevdən, hətta öz həmkarlarından da az səs alıblar. 

Əvvəlcədən onu deyək ki, 2023-cü ildə Mərkəzi Seçki Komissiyası bir sıra Dairə Seçki Komissiyalarının adında dəyişiklik edib. Ona görə də deputatların 2020-ci ildə seçildiyi dairənin adı ilə, 2024-cü il prezident seçkiləri zamanı dairələrin adında fərqlər var.

İndi ümumi rəqəmləri təqdim edək:

Razi Nurullayev 79 saylı İmişli seçki dairəsindən millət vəkili seçilib(2020-ci il). Hazırda həmin ərazi 81 saylı İmişli Seçki Dairəsi adlanır. R. Nurullayev prezident seçkilərində dairədən 863 səs alıb. İlham Əliyevdən sonra ikinci yerdədir.

Fazil Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsinin deputatıdır. Prezident seçkilərində 1121 seçici ona səs verib. Maraqlıdır ki, bu dairədə F. Mustafa həmkarı Zahid Oruca uduzub. Oruc 1128 səslə ikinci yeri tutub.

Qüdrət Həsənquliyev 36 saylı Xətai dördüncü seçki dairəsindən deputat seçilib. Dairə hazırda 36 saylı Xətai-Suraxanı seçki dairəsi adlanır. Deputat bu dairədən 1102 səs alıb. İlham Əliyevdən sonra ikinci yerdədir.

Zahid Oruc  94 saylı Bərdə kənd seçki dairəsindən deputat seçilib. Hazırda ərazi 99 saylı Bərdə seçki dairəsi adlanır. Z. Oruc dairədə 1550 seçicinin səsini ala bilib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top