Nazirin nöqteyi-nəzəri — Yaşıl dünya naminə

GÜNDƏM 05 fev 2024, 19:28

Əziz gənclər və idmançılar!

Qələbələrlə başa vurduğumuz ötən ili daha məsuliyyətli olacaq Olimpiada ili əvəz etdi. Yeni il əhvalını 2024-cü ilin ilk ayında idmançılarımız yarış meydanlarında da uğurla davam etdirdilər. İlin ilk qızıl medalını isə Paris-2024 lisenziyasının sahibi, güləşçimiz Sənan Süleymanov qazandı. Olimpiyaçımız Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində bütün rəqiblərini məğlub etməklə özünə və digər idmançılarımıza əsl motivasiya oldu.

Ənənəvi olaraq qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş idmançılarımızla görüşümüz yanvarın ilk günlərinə təsadüf etdi. Ötən ili qələbələrlə başa vurmuş idmançılarımızı dinlədik, onların gələcək yarışları və hazırlıqları ilə maraqlandıq.

Yanvar xarici görüşlər, ikitərəfli münasibətlərin müzakirəsi baxımından da effektiv ay oldu. Tacikistanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri İlhom Abdurahmonla, İsveçrənin Fövqəladə və Səlahiyyətli Səfiri Tomas Ştəli ilə, Qazaxıstanın Fövqəladə və Səlahiyyətli Səfiri Alim Bayellə, Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilakhvari ilə görüşlərdə ölkələrimiz arasında gənclər və  idman sahələrində əməkdaşlıq mövzusunda fikir mübadiləsi apardıq. 

İdman infrastrukturunun və yeni idman bölmələrinin açılması gələcək potensialın artırılması baxımından çox önəmlidir. Bu ay ərzində bir sıra idman zallarının açılışında iştirak etdik. Heydər Əliyev adına İdman-Konsert Kompleksində MMA zalının, elektron idman növləri üçün “GMT Arena”nın, Xaçmaz şəhərində “Əhməd” İdman Klubunun, eləcə də klubun nəzdində ağır atletika zalının fəaliyyəti ilə maraqlanaraq uğurlar arzuladıq. Eləcə də, “Dreamland” kompleksində yeni idman fitnes mərkəzləri - “Dream Trampoline”in və "Dream Body Athletic Club & Spa”nın açılışında iştirak etdik. Bundan başqa, ASK Arenada ağırlıqqaldırma üzrə yığma komandaların yeni təlim-məşq bazasının istifadəyə verilməsi də bu idman növünün inkişafında yeni təkan olacaq.

 

Bu günlərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının üzgüçülük hovuzu da istifadəyə verildi. İnanıram ki, su idman növlərinin tədrisi və inkişafı baxımından bu hovuzun böyük əhəmiyyəti olacaq. Bu, üzgüçülük dərsləri ilə yanaşı, əhalinin, xüsusən də uşaq və gənclərin üzgüçülüyə marağının artması üçün yaxşı fürsətdir.

Şübhəsiz, ilin ən yaddaqalan tədbirlərindən biri olacaq möhtəşəm hadisə idman paytaxtı Qubada oldu. Bildiyiniz kimi, ötən il yeni layihəmiz olan “İdman paytaxtı”nın seçkilərində Quba ilk qalib şəhər oldu. Qubada “İdman paytaxtı 2024” layihəsinin açılış mərasimi keçirildi və “İdman paytaxtı”nın rəmzi açarını Quba rayonuna təqdim etdik. İnanıram ki, “İdmanın ürəyi Qubada döyünür” şüarı özünü doğruldacaq və estafet olaraq növbəti ilin “İdman paytaxtı” Qəbələyə uğurlu təcrübə ötürüləcək.

İlin startında idmançılarımızı sevindirəcək daha bir xəbər dövlətin idmana dəstəyinin artırılması ilə bağlı oldu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə bundan sonra Olimpiya Oyunları ilə yanaşı, Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara da xüsusi təqaüdlər veriləcək. Həmçinin, bundan sonra Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançıların şəxsi məşqçiləri ilə yanaşı, milli yığma komandanın baş məşqçisi və məşqçiləri də təqaüd alacaqlar. Hökumətin daha bir qərarı isə paralimpiya və qeyri-olimpiya idman növlərinin təmsilçilərini sevindirdi. Belə ki, bundan sonra Olimpiya ilə yanaşı, paralimpiya və qeyri-olimpiya proqramına daxil olan idman növləri üzrə dünya və Avropa çempionatları, birinciliklərində ən yüksək nəticələr göstərmiş idmançılarımız və onların məşqçilərinə də mükafatlar veriləcək. İdman ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanan bu qərarlar idmançılarımız üçün əlavə stimul və motivasiya olacaq.

 

Federasiya nümayəndələri ilə 12-ci görüşümüzü də “İdman paytaxtı”mız Quba şəhərində keçirdik. Ənənəyə uyğun olaraq, son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələri birlikdə müzakirə etdik. Bu dəfə əsas diqqət, şübhəsiz ki, Paris-2024 Yay Olimpiya Oyunlarına idman növləri üzrə hazırlıq, 2024-2025-ci illər üçün inkişaf proqramı və digər məsələlərin müzakirəsinə yönəldi.

 

        

Federasiyalardan söz düşmüşkən, daha bir federasiya ötən dövrdəki fəaliyyətinə nəzər salaraq, seçki keçirdi. Azərbaycan Respublikası Atçılıq Federasiya­sının hesabat-seçki konfransında yenidən prezident seçilən Elçin Quliyevi təbrik edir və bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıram.

            

İyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Paris şəhərində keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarına yarım ildən də az vaxt qalır. Oyunlar zamanı idmançılarmıza Parisdə dəstək olmaq istəyən azarkeşlər bunun üçün əlverişli şans əldə ediblər. Yeni istifadəyə verilmiş www.hospitalitytravelpackages.paris2024.org portalına daxil olaraq istənilən idman növü üzrə yarışlara bilet almaq olar. Azarkeşlər yarışlara biletlərin daxil olduğu səyahət paketi və ya yalnız yarışlara bilet sifariş edə bilərlər.

 

Fəaliyyətin qanunauyğun təşkili vacib faktordur. Nazirliyin növbəti Kollegiya iclasında bir sıra layihə və sənədləri müzakirə etdik. 2024-cü il idman növləri üzrə yığma komandaların, məşqçi və idmançı heyətlərinin siyahısı, 2024-cü il üçün təqvim planı və digər mühüm sənədləri təsdiqlədik. Kollegiyanın qərarı ilə pauerliftinq, stronqman, qol güləşi idman növləri və onların fənləri Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının fəaliyyət istiqamətinə əlavə edildi. 2023-cü ildə əldə edilmiş nailiyyətlərə görə istedadlı və yaradıcı gənclərin, həmçinin, "Sabahın alimləri" Xlll Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması məsələləri,  ali təhsil müəssisələrinin tələbələri arasında "Komando" hərbi-idman oyununun Əsasnaməsi də  Kollegiyada müzakirə edilərək qəbul olundu.

“Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqənin qaliblərindən 3-ü - Rəsul Həşimov, Bayram Orucov və Səkinə Vəliyeva ilə ilk görüşüm oldu. Regionlara səfərim çərçivəsində mentilərə bir gün bizimlə olmaq şansı yarandı və onlar keçirdiyim müxtəlif görüşlərdə mənimlə birlikdə iştirak etdilər. İnanıram ki, mentilər tədbir və layihələrimizdə yaxından iştirak etməklə təcrübə qazana biləcəklər. Ənənəvi vətəndaş qəbulu çərçivəsində bu dəfə Siyəzən və Xızı rayonlarında yaşayan sakinlərlə görüşdük.

 

Məlum olduğu kimi, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamdan irəli gələn vəzifələrin həlli məqsədilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Baku Decides” Gənclərin I İqlim Danışıqları” adlı beynəlxalq konfrans keçirildi. Konfrans çərçivəsində nazirlərin panel iclasında digər qurumlardan həmkarlarla və xarici ölkələrdən olan qonaqlarla birgə ətraf mühit, ekologiya, enerji, iqlim dəyişiklikləri və digər mövzularda müzakirələr apardıq. İnanıram ki, tədbir təkcə ölkəmiz üçün deyil, ekoloji problemlərə qarşı həssas olan bütün ölkələr üçün faydalı olacaq.

Fəaliyyətimizə 2 fevral – Gənclər Günü ilə davam edirik. Gənclər üçün maraqlı layihələrlə zəngin “Gənclər həftəsi”nə yanvarın sonundan start verdik. Şübhəsiz ki, gənclərlə bağlı layihələrimiz bir həftə ilə məhdudlaşmır. Hələlik isə, 2 fevral – Gənclər Günü münasibətilə bütün gəncləri təbrik edirəm.              

Qarşıda bizi həm gənclər, həm də idman sahəsində bir-birindən mühüm və məsul fəaliyyət gözləyir. İnanıram ki, gənclərimiz və idmançılarımız bu il daha aktiv olacaq və uğurlu start ilboyu davam edəcək.

Fərid Qayıbov,
gənclər və idman naziri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top