“GUAM-ın fəaliyyətində yeni dönəm başlayır” — Azərbaycanın sədrliyi nə vəd edir?

XARİCİ SİYASƏT 30 yan 2024, 18:16
GUAM təşkilatına üzv ölkələr üçün minatəmizləmə sahəsində əməkdaşlıq son dərəcə vacibdir. Bu barədə “Report”a açıqlama verən gürcü politoloq Simon Kapadze deyib ki, Azərbaycanın təşkilata sədrliyi dövründə “Yaşıl enerji” və minatəmizləmə ən vacib fəaliyyət istiqamətləri ola bilər: “Bu təşkilata daxil olan bütün ölkələrin mina problemi olduğunu nəzərə alsaq, təşkilat daxilində bu sahədə əməkdaşlığın intensivləşdirilməsi zəruridir”, - o qeyd edib. Gürcü politoloq bu platforma çərçivəsində Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğunu da vurğulayıb: “Bundan əlavə, fikrimcə, Ukraynada müharibə başa çatdıqdan sonra təşkilat genişlənməklə bağlı düşünə biləcək”.

Siyasi şərhçi Fuad Abbasov da Azərbaycanın GUAM-a rəhbərliyinin həm ölkə, həm də təşkilat üçün əhəmiyyətli nəticələrlə yadda qalacağını hesab edir. Ekspert Demokrat.az-a şərhində bildirib ki, GUAM-ın müşahidə heyəti artıq Azərbaycandadır və onlara tamhüquqlü müşahidəçi kimi fəaliyyət imkanı yaradılıb:

“Diqqət etsək, görərik ki, AŞPA-nın nümayəndə heyəti də Azərbaycana səfər etmək istəyirdi, lakin təşkilatın Azərbaycana qarşı ədalətsiz mövqeyinə görə biz bunu qəbul etmədik. Azərbaycan GUAM-a önəm verir. 1997-ci ildən bu günə kimi GUAM elə də ciddi layihələrə imza atamayıb. Düşünürəm ki, Azərbaycanın rəhbərliyi ilə təşkilatın fəaliyyətində yeni dönəm başlayır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə də təşkilat bir çox fəaliyyəti ilə yadda qaldı, Bakı təşkilatın keçirdiyi konfranslara ev sahibliyi etdi”.

F.Abbasov əlavə edib ki, GUAM-a üzv olan Gürcüstan, Ukrayna, Moldova, eləcə də Azərbaycan Rusiyanın bölücülük siyasətinin qurbanıdır:

“Rusiyanın apardığı separatizmin nəticələri bu ölkələrin hər birində özünü göstərir. Nəticə etibarilə mina və təhlükəsizlik problemlərinə gətirib çıxarıb. Bu baxımdan Rusiya ilə bir qarşıdurma ortaya çıxa bilər. Rusiya təşkilatın fəaliyyətini bu və ya digər şəkildə məhdudlaşdıra, ona maneə törədə, beynəlxalq təşkilatlarda üzv ölkələrə qarşı çıxışlar edə bilər. Digər tərəfdən də Rusiya heç vaxt boynuna almır ki, bu ölkələrdəki separatizmin açıq dəstəkçisidir. Sadəcə olaraq ölkələrə haqq və hüquqlarının olduğunu bildirir. GUAM ölkələrinin hamısının Rusiya ilə problemi var, bu baxımdan Azərbaycan Rusiya tərəfinin hər sürprizinə hazır olmalıdır”.

Xatırladaq ki, 2024-cü il yanvarın 1-də GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçib.  


Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top