Nağdsız ödənişlərin genişləndirilməsi iqtisadi artıma töhfə verəcək — İqtisadçı

İQTİSADİ 26 yan 2024, 20:20
 Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun bu gün təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda əksini tapan məqamları şərh edib. O qeyd edib ki, Azərbaycanda ödəniş sektoru üzrə başlıca strateji hədəf olaraq adambaşına düşən orta illik nağdsız əməliyyat sayının cari 93-dən potensial olaraq 200-ə çatdırılması planlaşdırılır: "Ödəniş sektorunda innovativ həllərin tətbiqi ilə yanaşı ödəniş xidmətlərinə əlçatanlığın artırılması, ödəniş bazarında şəffaflıq və rəqabətliliyin gücləndirilməsi diqqət mərkəzindədir. Ödəniş xidmətləri üzrə təhlükəsizliyin və səmərəliliyin təmin edilməsi məqsədilə milli ödəniş sisteminin müasirləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması və effektiv nəzarət çərçivəsinin formalaşdırılması da nəzərdə tutulur”. 

Nağdsız ödənişlərin genişləndirilməsi iqtisadi artıma töhfə verəcəkmi? 

İqtisaçı ekspert Pərviz Heydərovun sözlərinə görə, nağdsız ödənişlərin ən böyük üstünlüyü odur ki, həmin ödənişlər zamanı dövlət ona çatacaq verginin məbləğini dəqiq hesablaya bilir.

Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, nağdsız ödənişlər dövriyyəyə və sahibkarların gəlirlərinə nəzarət baxımından üstünlüyü təmin edir:

“Nağdsız ödənişlərin genişləndirilməsində bütün ölkələr maraqlıdır. Əgər dövriyyəyə və sahikarların alqı-satqılarına nəzarət tam dəqiqliyi ilə həyata keçirilərsə, bu, müvafiq tənzimləyici siyasət yürütməyə şərait yaradar. Bununla da dolayısı ilə ümumdaxili məhsulun hansı istiqamətlərdə artması imkanlarını müəyyən etmək mümkün olacaq. Hökumətin məqsədi ondan ibarətdir ki, qeyri-leqal dövriyyə ümumiyyətlə olmasın, kölgə iqtisadiyyatı aradan qalxsın və gəlirlərə mümkün səviyyədə tam nəzarət əldə edilsin. 

Pandemiya zamanından bəri vətəndaşlar nağdsız ödənişlərə daha çox üstünlük verməyə başlayıblar. Tendensiya onu göstərir ki, nağdsız ödənişlərdən istifadə artır. Hökumətin atdığı bir sıra addımlar da  bəzi qeyri-nağd ödənişləri məcburi hala çevirib, bu da istənilən hədəfə çatmağa imkan verəcək”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top