“Qarabağ zəfərindən sonra AŞPA-da Azərbaycana qarşı münasibət dəyişib” — Politoloq

GÜNDƏM 25 yan 2024, 18:42
“AŞPA-da və digər Avropa institutlarının meydanlarında zəfərimizdən sonra Azərbaycana münasibət dəyişib. Sual ortaya çıxır ki, Azərbaycan nəyi düz etməyib? Harada beynəlxalq qanunvericiliyin tələblərini pozub? Hansı dövlətə hücum edib, hüquqlarını pozub? Heç bir zəmində zərrə qədər element yoxdur ki, deyək ki, bunu əsas götürərək bizə qarşı qərəzli davranır, azğınlaşırlar”.

Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov deyib.

O, Azərbaycan nümayəndə heyətinin ötən gün Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətini dayandırmasına münasibət bildirib:

“Azərbaycan 30 il işğal siyasəti ilə üzləşdiyi vaxt ermənilərin qeyri-qanuni hərəkətlərinə heç kim məhəl qoymadı, münasibət bildirmədi. Amma Azərbaycan düz yolda ola-ola, öz haqqını bərpa etdiyinə görə bizi çalışırlar qınasınlar. Hesab edirəm ki, AŞPA-dakı fəaliyyətin dayandırılması düzgün qərardır. AŞPA 2001-ci ildən bəri demək olar ki, Azərbaycanın sözünü nəzərə almırdı, haqlı tələbi ilə işğalçı dövləti məhkum etmirdi, yüz minlərlə qaçqın və məcburi köçkünün aqibətinə münasibət bildirmirdi. İndi nəyə görə biz onlardan üzr istəməliyik, qarşılarında gözükölgəli olmalıyıq?! Bu proseslərin hamısında Azərbaycana  qarşı qərəz var, bunun da arxasında Qərbin azğın, qeyri-sağlam, iyrənc bir yanaşması dayanır. Ciddi cəhdlə çalışırlar ki, Avropadan gəlib Cənubi Qafqaza varis olsunlar, burada yerləşsinlər, özlərinə dayaq nöqtəsi yaratsınlar və bununla logistik sxemlərə nəzarət etsinlər. Digər tərəfdən də Şimal-Cənub, Şərq-Qərb dəhlizləri boyunca hərəkətləri nəzarətlərinə götürsünlər və Orta Asiya ilə aralarında bağlantı yaratsınlar”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top