Tanınmış alim Paşa Kərimov vəfat etdi

ƏDƏBİYYAT 25 yan 2024, 10:43
Azərbaycanın tanınmış alimi, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov 65 yaşında vəfat edib.

Bu barədə Demokrat.az-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.

Qeyd edək ki, Paşa Əli oğlu Kərimov 10 fevral 1959-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərində 132 saylı məktəbdə aldıqdan sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub.

1982-ci ildən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda işləyib. 1 noyabr 2011-ci il tarixindən 11 fevral 2014-cü il tarixinədək Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edib. 2014-cü ildən vəfatına kimi institutun direktor müavini vəzifəsində fəaliyyət göstərib. Həmçinin 2015-ci ildən institutun Multidissiplinar əlyazmalar və əski çap kitabları şöbəsinin müdiri idi.

1991-ci ildə “Əlican Qövsi Təbrizinin “Divan”ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni” mövzusunda namizədlik, 2012-ci ildə isə “XVII əsr anadilli Azərbaycan lirikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Alim klassik ədəbi abidələrimizin filoloji və tekstoloji araşdırılması və nəşrə hazırlanması işi ilə məşğul olurdu. İlk dəfə olaraq XVI-XVII əsr Azərbaycan şairlərindən Yusif bəy Ustaclu, Qövsi Təbrizi, Mürtəzaqulu xan Şamlu, Vəhid Qəzvini, Sadiq bəy Əfşar, Təsir Təbrizi və b. türkcə divanlarını, XIX əsr şairi Mirzə İsmayıl Qasir və Mirzə Baxış Vadimin şeirlərini və bir sıra başqa abidələrimizi çap etdirib.

ABŞ-ın Merilend ştatının Baltimor şəhərindəki Volters İncəsənət Muzeyində saxlanılan 15-ci əsr osmanlı şairi Ətainin Nizami Gəncəvinin təsiri ilə türkcə yazdığı “Miniatürlü xəmsə”əsərinin, Ağqoyunlular və Səfəvilər dövründə yaşamış (XV-XVI əsrdə) Azərbaycan şairi Əhməd Şövqi Təbrizinin lirik şeirləri toplusu divanının Ankara Milli Kitabxanasında saxlanan nüsxəsinin, Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin şeirlər toplusu divanının surətinin, Ankara Milli Kitabxanasından Şah İsmayıl Xətainin və onun oğlu I Şah Təhmasibin ana dilində yazdıqları şeirlərinin, Tehranın Mulis kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının – lirik şeirlər toplusu nüsxəsinin surətinin, Paris Milli kitabxanasından “Əsli və Kərəm” (“Hekayəti Kərəm” adı ilə) və “Aşıq Qərib” (“Aşıq Qərib və Şahsənəm xanım” adı ilə) dastanlarımızın XIX əsrdə ərəb qrafikası ilə yazıya alınmış variantlarının surətlərinin və s. aşkarlanmasına və AMEA-nın Əlyazmalar İnstitutuna gətirilməsinə nail olub.

2001 və 2009-cu illərdə Prezident təqaüdçüsü olub, 2010-cu ildə AMEA Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

2012-ci ildə Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi “Türk ədəbiyyatına xidmət baratı” mükafatına layiq görülüb. Prezident İlham Əliyevin 3 noyabr 2015 ci il tarixli Sərəncamı ilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuş, 1 mart 2017-ci il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitində “Elm və texnologiya” nominasiyası üzrə xüsusi mükafata layiq görülüb.

Əlyazmalar İnstitutunun nəzdindəki 7213.01-“Dinşünaslıq” üzrə birdəfəlik ixtisaslaşdırılmış Dissertasiya şurasının sədri, UNESKO-nun Dünya yaddaşı proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədr müavini idi.

Allah rəhmət eləsin!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top