Ermənistanın silah tədarükü: Yeni müharibəyə hazırlaşır?

XARİCİ SİYASƏT 17 yan 2024, 13:38
Ötən gün Rusiya daha əvvəl imzalanmış müqaviləyə əsasən, Ermənistana silah tədarükünü həyata keçirib. Konkret hansı silahların tədarük olunduğu açıqlanmasa da, Ermənistan silah tədarükü ilə bağlı Rusiyaya öncədən 400 milyon dollar vəsait ödəyib. 

Son dövrlər Rusiyadan uzaqlaşması və daha çox qərb ölkələrinə meylli siyasət yürütməsi ilə önə çıxan Ermənistanın bu addımla silahlanma baxımından Rusiyadan nə dərəcədə asılı olması bir daha önə çıxıb. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik və hərbi-ekspert Elxan Şıxəliyev qeyd edib ki, Ermənistanın Rusiyadan silah tədarükü revanşist məqsədlərin göstəricidir. 

“Ermənistan Rusiyadan silah tədarükünə belə desək, məcburdur. Xüsusən 44 günlük müharibədə Ermənistanın silah və sursat arsenalının 60-70 faizi tam sıradan çıxarıldı və qənimət olaraq götürüldü. 

Onlar bu itkilərin  yerini doldurmaq üçün bilavasitə Rusiyadan asılıdır. Rusiyanın daha öncədən silah tədarükü ilə bağlı Ermənistana borcu da var idi. Sonuncu tədarük olunan silahlar məhz bu qəbildən olan komplektləşdirici hissələr və mərmilər oldu. 

Digər tərəfdən Ermənistanın bu formada silahlandırılması gələcəkdə yeni münaqişənin yaranması ehtimalını meydana çıxarır və Rusiya bunda maraqlıdır. Hər nə qədər yaxın gələcəkdə Ermənistan yeni müharibə potensialına hazır olmasa da, daha uzun müddətdə ordusunu yenidən komplektləşdirib revanşist addımlar ata bilər. Rusiya isə hər zaman olduğu kimi yenə ikili oynayır”.

Ekspert həmçinin Ermənistanın Rusiyadan silah tədarükünün davamlı olacağını qeyd edib.

“Düşünürəm ki, bu davamlı olacaq. Müdafiə sənayesi şirkətləri elədir ki, onların kimə nə vaxt nə silah satacağı sərbəstdir. Rusiyanın silah satışında qırmızı xətləri yoxdur. Müharibədən öncə Ermənistanın arsenalında olan bütün silah-sursat, zirehli texnika və avadanlıqlar demək olar ki, bütünlüklə Rusiya istehsalı idi və bir neçə il ərzində tamamilə dəyişdirilib Fransa və ya Hindistanın silahları ilə doldurula bilməz. Ən azından 70-80 faizi davamlı olaraq Rusiyadan təmin ediləcək. Bu Ermənistan üçün ciddi məcburiyyət, Rusiya üçün isə imkandır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top