Neftçilərin ölümündə ittiham olunan vəzifəli şəxs: “Onların əyinlərində “xilasedici jilet” yox idi”

HADİSƏ 16 yan 2024, 09:46
Bakı Ağır Cinayətlər Məhkəməsind’ “Azneft” İstehsalat Birliyində “Neftqaztikinti” trestinin iki əməkdaşının dənizə düşərək ölməsində ittiham olunan Samir Mirzəyevin cinayət işi məhkəmədə verdiyi ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O ifadəsində göstərib ki, 2003-cü il tarixdən SOCAR-ın “Neft Qaz Tikinti” Tresti 7 saylı tikinti quraşdırma bölümündə işləyib, təxminən 2005-ci il fevral ayından tikinti quraşdırcı bölümündə məlum hadisəyə qədər iş icraçısı vəzifəsində çalışıb. Vəzifəsi tikinti işləri zamanı sahə rəisinin verdiyi tapşırıqları icra etməkdən, yəni həmin tapşırıqları briqadirə verərək onların icrasına nəzarət etməkdən ibarət olub. Samir Mirzəyev deyib ki, mərhum Şirvan Ağammədovla Şamo Nərimanovu işlədiyi yerdən tanıyıb: “Şirvanın vəzifəsi quraşdırıcı, Şamonun vəzifəsi isə qaynaqçı olub. 24 avqust 2023-cü il tarixdə, saat 7:00 radələrində 375 saylı estekada yanı meydançasından çıxaraq sahə rəisinin göstərişi əsasında “Şirvan” tikinti gəmisi ilə “Azneft” İB-nin “N.Nərimanov” adına NQÇİ-nin 3 saylı Neft Yığımı Məntəqəsinə getdik. Təxminən 15 dəqiqə sonra həmin yerə çatdıq. Briqadada mənimlə birlikdə 12 nəfər işçi vardı. Briqada həmin tarixdə köhnə platformaya yeni beton piltələri döşəməli, yeni döşənmiş beton bloklarının üzərinə vaqonları yükləməli idi. Bu vaqonlar yaşayış üçün nəzərdə tutulmuş, yəni platformada iş gedə-gedə işçilər istirahət etməli idi. Mən iş bölgüsünü apardım və briqadirimə verdim. Həmçinin 4-5 dəqiqəlik təlimat keçdim. Təlimatdan sonra işçilərə təlimat jurnalına imza çəkdirdim. Əvvəl briqadirim Asif ilə birlikdə platformaya qalxdıq, oradakı vəziyyətə baxdıq. Asiflə platformada gəzəndə orada təhlükəli halla qarşılaşmadıq. Bu səbəbdən işə başlamağı uyğun bildik. Daha sonra Nuhbala, Şirvan, Şamo ilə birlikdə platformaya qalxdıq. Platformada mənimlə Nuhbala dəmir boruların üzərində dayanmışdı. Şamo ilə Şirvan isə bir qədər irəli gedərək gəmidən qaldırılan beton blokları platformanın üzərindəki yerə oturtmalı idilər. Beton piltələr iki kəndirə bağlanmış şəkildə platformaya otuzdurmalı, Şamo ilə Şirvan isə həmin kəndirdən tutaraq onu platformanın üzərinə yerləşdirməli idi. Mən bu proseslər gedən zaman Nuhbala ilə söhbət edirdim. Şamo və Şirvandan 4-5 addım aralıda idik. Bu zaman qəflətən Şamo ilə Şirvanın ayaqlarının altındakı beton döşəmə dağıldı və hər ikisi suya düşdü. Dərhal Nuhbalanı gəmiyə düşürtdüm. Gəmidə heyət ilə birlikdə suya baxaraq “Şamo, Şirvan kişi” deyə səslənməyə başladıq. Şamo ilə Şirvanın əyinlərində “xilasedici jilet” olmadığı üçün görsənmirdilər. Dərhal sahə rəisinə məlumat verdim. Hadisədən təxminən 1 saat yarım sonra Şamo ilə Şirvanın meyitləri dalğıclar tərəfindən tapıldı. Mərhumların “xilasedici jileti” əyinlərindən çıxartdıqlarına fikir verməmişdim. Təlimat keçərkən bütün işçilərin üzərində “xilasedici jiet” olur, lakin sonradan bəzi işçilər jiletləri çıxardırlar”.

O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini söyləyib.

Qeyd: Ötən ilin avqustun 24-də səhər saatlarında SOCAR-ın iki işçisi açıq dəniz sahəsində suya yıxılıb. Hadisə “Azneft” İB-nin “N.Nərimanov” NQÇİ-nin 3 saylı Neft Yığımı Məntəqəsində baş verib. Belə ki, obyektdə tikinti quraşdırma işləri aparılarkən “Neftqaztikinti” trestinin əməkdaşları - dəmir-beton pilitənin qırılması nəticəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı 63 yaşlı Şirvan Ataş oğlu Ağammədov və elektrik qaynaqçısı, 39 yaşlı Şamo Mətləb oğlu Nərimanov dənizə düşərək vəfat ediblər. Hadisə ilə bağlı “Azneft” İB-də “Neftqaztikinti” trestinin tikintidə təhlükəsizliyə cavabdeh şəxsi Samir Mirzəyev cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin  222.4-cü (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Mirzəyevə 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top