Dövlətin milyonlara aldığı texnika qar yağanda niyə küçəyə çıxmadı? — FOTO

GÜNDƏM 15 yan 2024, 15:29
Dünən sosial şəbəkələrdə polis əməkdaşlarının yollara duz səpməsini əks etdirən video gündəm olub. Belə ki, paytaxt ərazisində iki yol polisinin əllərindəki duzu yola səpərək maşınların sürüşməməsi üçün çalışması müzakirələrə səbəb olub. 

Bir çox sosial media istifadəçisi polislərin bu addımını müsbət qiymətləndirdiyi kimi, başda Bakı Şəhər İcra Hakimiyyəti olmaqla, bir sıra aidiyyəti qurumu öz vəzifə öhdəliklərini yerinə yetirməməkdə ittiham etdi. 

Əslində qış fəslinə xas olan və demək olar ki, hər il paytaxt yollarında analoji formada özünü göstərən qar örtüyünün vaxtında və lazımınca təmizlənməməsi və bu səbəbdən asfalt qatında meydana gələn buzlaşma problemi sözün əsl mənasında ənənəyə çevrilib. İnsanlarda etiraz və tənqid yaradan əsas məsələ hər il aidiyyəti qurumlar tərəfindən dəfələrlə qeyd edilən “Bakı yolları qışa tam hazırdır” ifadəsinin heç vaxt özünü tam doğrultmaması ilə bağlıdır. 

Onsuz da əksər vaxtlar qışın sərt müşahidə olunmadığı və mülayim keçdiyi Bakıda məhz bu fəsildə bir çox bəsit problemin özünü göstərməsi əslində nə ilə bağlıdır? Qurumlar öz işini düzgün formada yerinə yetirmir yoxsa qış əslində bizim gördüyümüzdən çox daha sərtdir? 

Mövzu ilə bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentindən Yenisabah.az-a verilən açıqlamada sözügedən kadrların paytaxtda olmasının dəqiq olmadığı bildirilib.

“Polis əməkdaşlarının etdikləri dəstək təqdirəlayiqdi, lakin qeyd etməliyik ki, sözügedən videogörüntülərin çəkildiyi ərazinin Bakı şəhəri ərazisi olub olmadığından məlumatlı deyilik. 

Bakı Şəhər Mənzil kommunal təsərrüfat departamentinin əməkdaşları tərəfindən yanvar ayının 13-ü axşam saatlarından səhərə kimi yağan qarın əsas küçə, prospekt və  piyada səkilərindən, avtobus dayanacaqları və metro stansiyalarının qarşısından  təmizlənməsini aparıblar. 

Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz səpilməsi həyata keçirilib. Məhəllədaxili yollarda və binaların həyətlərində isə rayon mənzil kommunal təsərrüfat birlikləri tərəfindən təmizlənmə işləri aparılır, bu proses indi də davam edir”.

Nəqliyyat eksperti Rövşən Həsənov bu hadisənin qurumların öz iş prinsiplərini layiqincə yerinə yetirmədiyindən xəbər verdiyini qeyd edib.

“Hər bir qurum öz işini, funksiyasını normal qaydada yerinə yetirsə, bu kimi problemlər yaranmamaldır. Bu təbii olaraq yol polis əməkdaşlarının işi deyil və qarlı-buzlu havalarda onsuz da qəzaların artması səbəbindən onların məsuliyyəti bəs qədər artır. Səlahiyyət baxımından bu iş Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) üzərinə düşür. Düşünürəm ki, belə məsələlərdə problemlərin yaranmaması üçün hər qurum öz işini birmənalı formada yerinə yetirməlidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top