"Onları İran meylli şəxslər kimi tanımışam" — "Kərimə" dövləti qurmaq istəyənlərlə bağlı YENİ FAKTLAR

KRİMİNAL 10 yan 2024, 10:01
Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvləri - Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov, Arif Cümşüdov, Tərzan Qaraşov və Anar İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Demokrat.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Zaur Kərimov ifadə verib. 

O bildirib ki, Tərtər rayon sakinidir, 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsində aparıcı mütəxəssis vəzifəsində işləyir. 

Zaur Kazımovun sözlərinə görə, təqsirləndirilən Sənan Məmmədov onun bacanağıdır: 

“Digər təqsirləndirilən şəxslərdən Xəqani Məmmədov, İqbal Axundov və Anar İsayevi də Tərtər sakinləri kimi tanıyıram. Digər təqsirləndirilən şəxsləri tanımıram. Bu hadisələrlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılmışam, orada məndən ifadə alıblar. Orada məndən soruşdular ki, İqbal Axundovla nə münasibətim var. Mən də ifadəmdə onu Bəxtiyar Bayramovla bağlı münasibətlərimiz yaranmışdı. Bəxtiyar sosial şəbəkədə status yazmışdı. Mən də buna etiraz etmişdim. Buna görə də onunla mübahisələrimiz olmuşdu. Məni sosial şəbəkədə dostluqdan çıxarmışdı. Bununla bağlı İqballa əlaqə saxladım, Bəxtiyarın yanlış yolda olduğunu, mübahisələrimiz yarandığını dedim. İqbal da bizi barışdırmağa çalışdı”. 

Daha sonra şahid dövlət ittihamçısının suallarını cavablandırıb. 

Dövlət ittihamçısının Bəxtiyar Bayramovun sosial şəbəkədə hansı mövzuda status yazması, hansı səbəbdən onların mübahisələrinin yaranması barədə verdiyi suallara belə cavab verib: 

“44 günlük Vətən müharibəsindən sonra Bəxtiyar Bayramov sosial şəbəkədə yazmışdı ki, Azərbaycana İŞİD üzvlərini gətiriblər, Ermənistanla müharibəyə başlayacaqlar, Azərbaycan qan gölünə çevriləcək, Türkiyədə yanımızda olmayacaq. Mən bu status bir vətəndaş kimi etiraz etdim. Bizim bununla bağlı sosial şəbəkə üzərindən mübahisələrimiz yarandı. Mən onu kəskin tənqid etdim. Ona dəstək verənlər də oldu. Mən də İqbalı dini baxışlı bir şəxs kimi tanıyırdım. Ona zəng etdim, Bəxtiyarın hərəkətləri barədə dedim. İqbal da bizi barışdırmaq mövqeyində oldu. Çünki mən həmin yazılan statusa etiraz edəndə sonra təhdid olundum”.  

İqbal Axundov şahidin düz danışdığını deyib: 

“Zaur özü mənə zəng etmişdi. Mən də onları barışdırmaq istəmişəm. Zaurla Bəxtiyarın arasında nə olub, onu mən dəqiq bilməmişəm. Demişəm ki, hamımız Tərtər sakinləriyik, mehriban olaq”.

Şahid Zaur Kazımov deyib ki, Bəxtiyar Bayramovla birlikdə universitetdə bir yerdə təhsil alıblar: “O vaxt bizim hər ikimiz ibadətlə məşğul olmurduq. Sonradan mən də, Bəxtiyar da ibadətlə məşğul olmağa başladıq. Bəxtiyarın hazırda İranda olduğunu deyirlər. Deyilənə görə, dini təhsil alır”. 

Suallara cavab verən şahid deyib ki, Sənan Məmmədovla qohum kimi münasibətləri yaxşı olub: 

“Amma onunla dini müstəvidə söhbətlərimiz olmayıb. Çünki o, fərqli fikirdə olub. Mən də onunla bu mövzuda danışmamışam”.

Şahid bildirib ki, təqsirləndirilən Arif Cümşüdov tərəfindən təhdid olunmasını bilməyib. 

Daha sonra Zaur Kazımovun ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmədə səsləndirdiyi ifadəsi arasında ziddiyyətlər olduğu yaranıb. Bu səbəbdən vəkillər onun istintaqa verdiyi ifadəsini elan edilməsini istəyiblər.
 
Hakim şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini məhkəmədə açıqlayıb.

Həmin ifadədən məlum olur ki, qohumu Sənan Məmmədovla yaxşı münasibəti olmayıb. Sənan Məmmədovu anti-Azərbaycan mövqeyində olduğu üçün daim onu tənqid edib. 

Həmin ifadəyə görə, Sənan Məmmədovu, İqbal Axundovu, Bəxtiyar Bayramovu İran meylli şəxslər kimi tanıyıb. Həmçinin Bəxtiyar Bayramovun statusuna etiraz edəndən sonra Arif Cümşüdov tərəfindən açıq-aşkar təhdid olunduğunu deyib. 

Şahid Zaur Kazımov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, orada yazılanlar düzgündür: 

“Mən məscidə getmirdim. Mənə deyirdilər ki, niyə məscidə gəlmirsən. Buna görə də mənimlə mübahisələr yaranırdı. Arif adlı şəxsi isə şəxsən tanımamışam. Onun ad-soyadını bilmişəm. Ona görə də Arif Cümşüdov adlı şəxs tərəfindən təhdid olduğunu demişəm. Amma onun kim olduğunu bilməmişəm”.

Şahid deyib ki, təqsirləndirilən şəxslərin İran meylli olduqlarını bildirməyib. 

Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Tural Yusifov ifadə verib. 

Bildirib ki, idarədə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 

O deyib ki, təqsirləndirilən şəxslərdən Tərzan Qaraşov və Anar İsayevin tutulmaları ilə bağlı əməliyyatlarda iştirak edib. 

Tural Yusifovun sözlərinə görə, Anar İsayevin tutulması üçün əməliyyat qurulub və o, Hövsan qəbristanlığının yanında saxlanılıb. 

Şahid deyib ki, həmin vaxt Anar İsayevin üzərindən narkotik vasitə aşkar olunub. Evində də aparılan axtarış zamanı isə dini təbliğatı təşkil edən kitabların aşkar olunduğunu söyləyən əməliyyatçı deyib ki, həmin kitablar götürülüb.
 
Anar İsayev şahidin yalan danışdığını deyib: 

“Necə ola bilər ki, əlində Quran kitabını gəzdirən adamın üzərindən narkotik olsun. Bu ağ yalandır. Mənə sözlə təzyiq ediblər”.

Daha sonra əməliyyatçı Ənvər Şıxıyev ifadə verib. 

O, Sənan Məmmədov və Xəqani Məmmədovun saxlanılması üçün keçirilən əməliyyatda iştirak etdiyini deyib. 

Şahidlərin dindirilməsi başa çatdıqdan sonra İqbal Axundovun vəkili deyib ki, müvəkkilinin səhhətində problemlər var. 

Onun sözlərinə görə, bununla bağlı Penitensiar Xidmətin və Bakı İstintaq Təcrirdaxasının rəhbərliyinə müraciət etsələr də, onlar bu məsələyə səthi yanaşırlar. 

Vəkil bununla bağlı məhkəmənin göstəriş verməsini istəyib. Hakim isə bununla bağlı müvafiq tədbir görüləcəyini deyib.
 
Hakim daha sonra deyib ki, təqsirləndirilən Tərzan Qaraşovun valideynləri tərəfindən ayrı-ayrı qurumlara yazdıqları müraciətlər məhkəməyə daxil olub. 

Hakim bildirib ki, eyni məzmunlu olan müraciətlərə cavab verilib. 
Növbəti proses yanvarın 30-da davam edəcək. 

Qeyd edək ki, İranda yaşayan, həmin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdovu şirnikləndirci vədlər müqabilində ələ alaraq ona ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.

Arif Cümşüdov verilmiş tapşırıqlar əsasında ətrafında olan dini radikalizmi təbliğ edən tanışları - Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. 

O, yaşadığı evdə mütəmadi olaraq təşkil etdiyi gizli yığıncaqlarda Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişlərini həmin şəxslərə çatdırıb. 

Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilmələri istiqamətində fəaliyyətlər göstərərək bu barədə Rufulla Axundzadəyə məlumat veriblər.

Bundan başqa, Rufulla Axundzadə Bakı şəhər sakini Anar İsayevi də əməkdaşlığa cəlb edərək ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb. Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımi dəstəyin veriləcəyini vəd edərək təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.

Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər.

Dəstə üzvləri eyni zamanda İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top