İcma prezident seçkiləri ilə bağlı bəyanat yaydı

DAXİLİ SİYASƏT 29 dek 2023, 14:50
Dekabrın 29-da Qərbi Azərbaycan İcmasının (QAİ) növbədənkənar ümumi yığıncağı keçirilib.

Demokrat.az xəbər verir ki, ümumi yığıncaq 2024-cü il fevralın 7-də Azərbaycan Respublikası Prezidenti seçkilərində İlham Əliyevin namizədliyinə dəstək mövzusuna həsr edilib.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli fevralın 7-də keçiriləcək prezident seçkilərinin Azərbaycan Respublikasının tarixində mühüm hadisə olacağını qeyd edərək, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş və Qərbi Azərbaycana qayıdış məsələsini beynəlxalq gündəliyə gətirmiş Müzəffər Ali Baş Komandanın - Prezident İlham Əliyevin namizədliyinə dəstək ifadə edib.

Daha sonra Müşahidə Şurasının sədri professor Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri, deputat akademik Əhliman Əmiraslanov, Nəzarət-Təftiş Komissiyasının sədri professor Vahid Novruzov, Ziyalılar Şurasının sədri professor Elxan Hüseynov, Qadınlar Şurasının sədri, deputat Məlahət İbrahimqızı, Gənclər Şurasının sədri, deputat Ramin Məmmədov, İdarə Heyəti sədrinin müavini, deputat Hikmət Babaoğlu, Ziyalılar Şurası sədrinin müavini akademik Nizami Cəfərov, o cümlədən Ağsaqqallar Şurasının üzvü, Amasiya rayon icmasının sədri akademik Abel Məhərrəmov, Ağsaqqallar Şurasının sədr müavini, Vedi rayon icmasının sədri professor Vaqif Şadlinski, Müşahidə Şurasının üzvü akademik Rasim Əliquliyev, İdarə Heyətinin üzvü professor Mahirə Hüseynova, Nəzarət-Təftiş Komissiyasının sədr müavini, deputat Şahin İsmayılov, İdarə Heyətinin üzvü professor Kamran Musayev çıxış ediblər. Natiqlər Ulu Öndər Heydər Əliyevin irsini şərəf və ləyaqətlə davam etdirən, bütün dünya azərbaycanlılarının ümid və dayaq yeri olan Prezident İlham Əliyevin namizədliyinə dəstək ifadə ediblər.

Çıxışlardan sonra ümumi yığıncaq bəyanat qəbul edib. Bəyanatda amalı Azərbaycan dövlətinin güclənməsinə, xalqımızın firavanlığına xidmət etmək olan Prezident İlham Əliyevin Vətən qarşısında xidmətləri ilə mükəmməl vətəndaş, siyasi irsə sadiq lider və islahatçı dövlət xadimi kimi tanındığı vurğulanır və Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməklə Azərbaycan dövlətçilik tarixinə ən böyük töhfəsini verdiyi, bununla da keçmiş, indiki və gələcək nəsillər qarşısında misilsiz xidmətə imza atdığı bildirilir. Bəyanatda minlərlə məcburi köçkünü Qarabağa, Şərqi Zəngəzura geri qaytaran Müzəffər Ali Baş Komandanın Ermənistandan didərgin salınmış azərbaycanlıları sülh yolu ilə ana vətənləri Qərbi Azərbaycana qovuşduracağına dair əminlik ifadə olunur və Qərbi Azərbaycan İcmasında birləşən yüz minlərlə icma üzvünün gələn il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkilərində İlham Əliyevi dəstəklədiyi bəyan edilir.

"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ideya və arzularının gerçəkləşdiyi bugünkü Azərbaycan öz dövlətçilik tarixinin ən güclü dövrünü yaşamaqdadır. Ulu Öndərin irsini şərəf və ləyaqətlə davam etdirən, bütün dünya azərbaycanlılarının ümid və dayaq yeri olan Prezident İlham Əliyevin qətiyyətli və müdrik siyasəti yüz illərdən sonra bizə güclü dövlətin qalib vətəndaşı olmaq hissini yaşadıb. Prezident İlham Əliyevin böyük Zəfərlə nəticələnən və Azərbaycanı dünya dövlətləri arasında öz layiqli yerinə ucaldan ali missiyası uzun illərdən bəri titanik zəhmət və müdrikliklə qurulub. Amalı Azərbaycan dövlətinin güclənməsinə, xalqımızın firavanlığına xidmət etmək olan Prezident İlham Əliyev Vətən qarşısında xidmətləri ilə mükəmməl vətəndaş, siyasi irsə sadiq lider və islahatçı dövlət xadimi kimi tanınıb. Bu gün dünyaya günəş kimi parlayan Azərbaycan İlham Əliyevin ən kamil əsəridir.

Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən hər bir siyasi xəttin dərinləşdirilməsi və zamanın tələblərinə uyğunlaşdırılaraq daha da inkişaf etdirilməsi yolunu tutan Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi son 20 ildə bütün siyasi xətləri yüksək diqqətində saxlayıb. Təkcə iqtisadi, sosial, mədəni, elmi, texniki, hərbi istiqamətlər deyil, böyük mənəvi əhəmiyyət kəsb edən məsələlər də daim ölkə Prezidentinin nəzərində olub. Çoxşaxəli siyasətin nəticəsində ölkəmiz iqtisadi baxımdan güclənib, sərmayələr qoyulan ölkədən investor ölkəyə çevrilib, sərvətlərimizdən əldə edilən gəlir xalqın rifahına, sağlamlığına, təhsilinə xərclənmiş, hərbi qüdrətimiz artıb, Azərbaycan dünyada etibarlı tərəfdaş imici qazanıb, dünyanın mədəni və multikultural mərkəzlərindən birinə çevrilib.

Prezidentin Müzəffər Ali Baş Komandan kimi 2020-ci ildə 44 günlük Vətən müharibəsində xalqımıza bəxş etdiyi şanlı Zəfər və 2023-cü il sentyabrın 19-20-də aparılmış uğurlu antiterror tədbirləri təkcə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə deyil, həm də Azərbaycan xalqının qürurunun, mübarizə əzminin özünə qaytarılması ilə əlamətdar olub. Bu tarixi nailiyyəti qazanmaqla Prezident İlham Əliyev Azərbaycan dövlətçilik tarixinə ən böyük töhfəsini verib, bununla da keçmiş, indiki və gələcək nəsillər qarşısında misilsiz xidmətə imza atıb. Vətən müharibəsi Zəfəri təkcə məcburi köçkünlərimizin vətənlərinə qayıtmasını təmin etməyib, həmçinin Qərbi Azərbaycan qaçqınlarında da doğma vətənlərinə sülh yolu ilə geri qayıtmaq inamı yaradıb.

2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə keçirdiyi görüş zamanı söylədiyi fikirlər, verdiyi tapşırıq və tövsiyələr Qərbi Azərbaycandan zorla çıxarılmış azərbaycanlıların öz doğma vətəninə qayıtması hüququnun təmin edilməsi yolunda Azərbaycan xalqının ümummilli mübarizəsində dönüş nöqtəsi olub. Prezident İlham Əliyevin insan hüquqları məsələsi və sülhsevər missiya hesab etdiyi Qərbi Azərbaycana qayıdışı xalqımızın əsas hədəflərindən biri kimi göstərməsi təkcə biz Qərbi azərbaycanlıları deyil, bütövlükdə Azərbaycan ictimaiyyətini bu amal uğrunda səfərbər edib.

Biz Qərbi Azərbaycandan - öz doğma vətənimizdən zorla qovulmuş, amansız soyqırımlarına, işgəncələrə məruz qalmış və Azərbaycan Respublikasına sığınmış, burada bütün təməl vətəndaş hüquqları ilə təmin edilmiş yüz minlərlə Qərbi azərbaycanlı olaraq inanırıq ki, Prezident İlham Əliyevin başlatmış olduğu bu qayıdış və davamlı sülh missiyası məhz Onun rəhbərliyi altında öz hədəfinə çata biləcək.

Əminik ki, minlərlə məcburi köçkünü Qarabağa, Şərqi Zəngəzura geri qaytaran Müzəffər Ali Baş Komandan bizi sülh yolu ilə ana vətənimiz Qərbi Azərbaycana qovuşduracaq.

Bu mənada Qərbi Azərbaycan İcmasında birləşən yüz minlərlə icma üzvü olaraq gələn il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkilərində İlham Əliyevi dəstəklədiyimizi bəyan edirik", - deyə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top